"İranı tərk edin" çağırışı artır - Nələr yaşanacaq?

Orta Şərqdə artan gərginlik fonunda Kanada hökuməti İranda olan vətəndaşlarına təcili xəbərdarlıq edib. Rəsmi Ottava bölgədə mümkün toqquşmaların xəbərdarlıq edilmədən baş verə biləcəyini bildirərək, Kanadalıları İranı dərhal tərk etməyə çağırıb.
Sfera.az xəbər verir ki, Kanada hökumətinin “İrandakı Kanadalılara” başlığı ilə yayımladığı açıqlamada qeyd olunub ki, davam edən gərginliklər səbəbindən təhlükəsizlik vəziyyəti qəfil dəyişə bilər: “İranı dərhal tərk edin. Səyahət sənədlərinizin qüvvədə olduğundan əmin olun və zərurət yaranarsa, olduğunuz yerdə qalmaq üçün kifayət qədər ləvazimatınız olsun”,– deyə bəyanatda vurğulanıb.
Həftənin əvvəlində Avstraliya da oxşar addım ataraq İsrail və Livanda fəaliyyət göstərən diplomatlarının ailə üzvlərinə həmin ölkələri tərk etmələri barədə göstəriş verib. Eyni zamanda, bu ölkələrdə yaşayan Avstraliya vətəndaşlarına da gecikmədən ayrılmaları tövsiyə olunub. Polşa, İsveç, Hindistan və bir sıra digər dövlətlər də bölgədə mümkün qarşıdurma ehtimalını əsas gətirərək vətəndaşlarını İranı tərk etməyə çağırıblar. Digər tərəfdən, “Bloomberg” agentliyinin yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) formalaşdırdığı “Task Force Scorpion” adlı pilotsuz uçuş aparatı (PUA) bölməsi artıq əməliyyat qabiliyyətinə çatıb. Bildirilib ki, bu bölmə eksperimental hərbi PUA proqramı əsasında yaradılaraq aktiv istifadəyə verilib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins açıqlamasında bölmənin döyüşə hazır vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, məqsəd hərbçiləri sürətlə inkişaf edən pilotsuz sistemlərlə təmin etməkdir. Məlumata əsasən, tək istiqamətli hücum imkanına malik PUA bölməsi ABŞ-nin İranı nüvə proqramı ilə bağlı danışıqlara məcbur etmək məqsədilə həyata keçirdiyi hərbi təzyiq strategiyasının bir hissəsidir. Bu yerləşdirmə 2003-cü ildə İraqın işğalından bəri bölgədə ən böyük ABŞ hərbi yığınaqlarından biri kimi qiymətləndirilib. Qeyd olunub ki, bölməyə məxsus pilotsuz aparatlardan biri dekabrın ortalarında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Santa Barbara” gəmisinin uçuş göyərtəsindən Ərəb körfəzində uğurla sınaqdan keçirilib.
Bəsti Rəfizadə
Sfera.az
