Tehrana qarşı birləşdilər - Silahlı təşkilatlardan BƏYANAT

İranda ABŞ ilə yaşanan gərginlik, iqtisadi problemlər və davam edən etiraz aksiyaları fonunda ölkənin qərb bölgələrində fəaliyyət göstərən silahlı kürd təşkilatları diqqətçəkən addım atıb.
Beş silahlı kürd təşkilatı rejimə qarşı ortaq ittifaq yaratdıqlarını elan edib.
Sfera.az xəbər verir ki, yeni yaradılan ittifaqda İran Kürdüstan Demokrat Partiyası (KDP-İ) və Kürdüstan Azad Həyat Partiyası da daxil olmaqla bir neçə silahlı qrup təmsil olunub. Təşkilatlar yaydıqları birgə bəyanatda əsas məqsədlərinin İran İslam Respublikasının devrilməsi olduğunu açıqlayıblar. Bəyanatda qeyd olunub ki, məqsəd həm də kürdlərin öz müqəddəratını təyin etmə hüququnun təmin olunması və Şərqi Kürdüstanda milli siyasi iradəyə əsaslanan demokratik idarəetmə qurmaqdır.
Qruplar həmçinin bildiriblər ki, İranda yaşayan digər xalqların hökumətə qarşı etirazlarını dəstəkləyəcəklər. Onların sözlərinə görə, mümkün əməkdaşlıq və ittifaqların əsas şərti xalqların milli hüquqlarının tanınması, demokratiyanın qəbul edilməsi və diktaturanın rədd edilməsidir.
Qeyd edək ki, İranda milli valyuta riyalın dəyərdən düşməsi səbəbindən 28 dekabr 2025-ci ildən başlayan etirazlar hələ də davam edir. Hadisələr zamanı çoxsaylı insanın həyatını itirdiyi bildirilir. Ölkədə sosial-siyasi gərginlik isə artmaqda davam edir.
Bəsti Rəfizadə
Sfera.az
