ABŞ bazalarını gücləndirir - Müharibəyə az qalıb?

“Financial Times” (FT) qəzetinin məlumatına görə, Vaşinqton Yaxın Şərqdəki hərbi potensialını gücləndirmək üçün növbəti addımını atıb. Bildirilir ki, İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi bazalarda dislokasiya olunmuş döyüş təyyarələrinin sayı əhəmiyyətli dərəcədə artırılıb. Bu qərar regionda gərginliyin pik həddə çatdığı bir vaxtda xüsusi diqqət çəkir.
Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında qeyd edib ki, ABŞ-nin İrana qarşı mümkün əməliyyat planları yenidən gündəmə gəlib:

“Son dövrlər İrana qarşı hərbi müdaxilə siqnalları daha açıq şəkildə verilir və müxtəlif proqnozlar səsləndirilir. Rəsmi Tehranın da buna hazırlıq gördüyü müşahidə olunur. Hətta rəhbərlik səviyyəsində fövqəladə hallar üçün əvəzedici mexanizmlərin müəyyənləşdirildiyi bildirilir. ABŞ-nin bölgədəki bazalarını gücləndirməsi, potensial hərbi toqquşmada üstünlük qazanmaq məqsədi daşıyır. Bu, müharibənin miqyasının genişlənməsinə xidmət edə bilər. Ola bilsin ki, Vaşinqton təkcə hava zərbələri ilə kifayətlənməsin və strateji nöqtələrdə desant qüvvələri vasitəsilə məhdud quru əməliyyatları planlaşdırsın”.
Politoloqun fikrincə, ABŞ mediasında İranın yüksək rütbəli rəsmilərinin xüsusi əməliyyatlarla ələ keçirilməsi ehtimalı da müzakirə olunur:
“Bu tip iddialar İran rejiminin beynəlxalq müstəvidə ifşasına və siyasi təzyiqin artırılmasına hesablanıb. Bəzi ekspertlər ABŞ-nin keçmişdə fərqli ölkələrdə həyata keçirdiyi kəşfiyyat əməliyyatlarını nümunə gətirərək, İranda da oxşar 'nöqtəli əməliyyatların' keçirilə biləcəyini istisna etmirlər”.
Niyaz Hacıyev
Sfera.az
