Qəhvənin daha bir faydası tapıldı: Yeni TƏDQİQAT

Qəhvə dünyada milyonlarla insanın gündəlik istifadə etdiyi qida məhsuludur. Bir çoxları üçün səhərin əvəzolunmaz ritualı olan bu içkinin sağlamlığa təsiri illərdir elmi müzakirə mövzusudur. Son araşdırmalar qəhvə istehlakı ilə neyrodegenerativ xəstəliklərdən qorunma arasında ciddi əlaqə olduğunu bir daha sübut edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Universiteti (Harvard University) tərəfindən aparılan yeni tədqiqat qəhvə istehlakının Altsheymer (Alzheimer) kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərdiyini üzə çıxarıb.
Araşdırmaya əsasən, gündə 2–3 fincan kofeinli qəhvə içmək demensiya riskini azaldır. Çay üçün isə tövsiyə olunan miqdar gündə 1–2 fincan olaraq göstərilib.
Tədqiqat çərçivəsində 43 il ərzində 130 mindən çox (dəqiq desək, 131 821 nəfər) iştirakçının məlumatları təhlil olunub. Bu müddət ərzində 11 033 demensiya hadisəsi qeydə alınıb. Uzunmüddətli müşahidə alimlərə koqnitiv sağlamlığın illər üzrə dəyişməsini qiymətləndirmək imkanı yaradıb.
Məlumatların müqayisəsi göstərib ki, kofeinli qəhvə istehlak edən şəxslərdə demensiya riski əhəmiyyətli dərəcədə aşağıdır. Gündə təxminən 300 mq kofein qəbul edən qrupda hər 100 min nəfərə 141 demensiya halı düşdüyü halda, ən az istehlak edən qrupda bu göstərici 330 olub. Bu isə riskin təxminən 18 faiz azalması deməkdir.
Fidan Hacızadə
Sfera.az
