İran iki həftə vaxt istədi – “Müharibə olmayacaq”

ABŞ ilə İran arasında aparılan danışıqlar yenidən diqqət mərkəzindədir. Məlumatlara görə, İran tərəfi bəzi məsələlərdə müəyyən razılaşmalara gəlib, lakin yekun qərar üçün iki həftə vaxt istəyib. Bu isə tərəflər arasında hələ ki əsas mövqelərin tam razılaşdırılmadığını göstərir.
Eyni zamanda ekspertlər qeyd edirlər ki, ABŞ-nin Yaxın Şərqdə böyük hərbi qüvvə toplaması da danışıqlar prosesinə təsir göstərə bilər. Maraqlıdır, İranın müəyyən güzəştlərə getməsində ABŞ-nin regiona hərbi qüvvə göndərməsinin rolu varmı? ABŞ böyük hərbi qüvvə yığmaqla əsasən İrana təzyiq göstərmək məqsədi güdür, yoxsa strateji mövqelərini qorumaq üçün belə bir addım atır?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Cavanşir Abbaslının sözlərinə əsasən, hazırda İranın mövqeyi kəskinləşmiş görünür:
“Əvvəllər İran çox ciddi təhlükələrlə üzləşmişdi və bir müddət sonra onları geridə qoymağı bacardı. Təbii ki, burada Donald Tramp da rol oynadı, çünki o, etirazların ilk günlərində İran xalqını ümidləndirən açıqlamalar verdi, ‘kömək yoldadır’ kimi vədlər verdi, amma nəticə məlumdur. Verilən vədlərin heç biri yerinə yetirilmədi və nəticədə daxildə narazılıq yarandı, xalqın üsyanları ciddi nəticə qazanmadan başa çatdı. Bundan sonra isə İran bir qədər möhkəmləndi və daha güclü görünməyə başladı. Son açıqlamalarda bunu görmək mümkündür. Hətta son bəyanatlardan birində müharibəyəyönəlik dolayısı ilə hazırlıq mesajı da verildi. Bütün bunları nəzərə alaraq, iki həftə vaxt verilə bilər. İki həftənin sonunda hesab edirəm ki, qonşumuzun bugünkü mövqeyində ciddi dəyişiklik hiss olunmayacaq”.

Ekspert iki həftənin İran üçün möhlət qazanmaq baxımından əhəmiyyətli olduğunu və ölkənin ələ düşən fürsətdən yararlanmağa çalışacağını qeyd edib:
“Hesab edirəm ki, molla rejimi iki həftədən sonra da Amerika başda olmaqla Qərbə və Avropaya meydan oxumağa davam edəcək. Amerika Yaxın Şərqdə böyük güc tətbiq edib, amma bunun qarşılığında İranın mövqeyində ciddi dəyişiklik hiss olunmayıb. İran arxayındır ki, Birləşmiş Ştatlar onunla tam şəkildə heç vaxt açıq savaşa girməyəcək. Biz bunun şahidi olmuşuq. Amerika İranla savaşa birbaşa girməyib, ancaq İsrail üzərindən ona təzyiq göstərməyə çalışıb və son aylarda bir sıra hadisələrdə münasibətini ortaya qoyub. Həmçinin sanksiyalar vasitəsilə İranı daxildən sarsıtmağa cəhd edib. Amma görünən odur ki, sanksiyalar altında qalan İran daxili iqtisadiyyatını qorumağa davam edir. İranı sarsıtmaq üçün göstərilən təzyiqlərə, güc tətbiqlərinə baxmayaraq, ona ciddi təsir edildiyinə şahid olmamışıq və bundan sonra da olmayacaq. Proseslər bu formada davam edəcək. Qarşılıqlı ittihamlar səslənəcək, bəyanatlar veriləcək, amma reallıqda yaxın gələcəkdə Amerika-İran savaşının olacağını düşünmürəm”.
Bəsti Rəfizadə
Sfera.az
