İran Rusiyaya nüvə bombası üçün material ötürəcək? - İDDİA

İran rəsmiləri fevralın 6-da Omanda ABŞ ilə danışıqların birinci mərhələsi zamanı yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü tərəfə, ehtimal ki, Rusiyaya ötürməyə hazır olduqlarını bildiriblər.
Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street” qəzetində yazılıb. Qəzet əlavə edib ki, bu yüksək dərəcədə zənginləşdirilmiş material 12 nüvə bombası üçün kifayətdir.
Diplomatların sözlərinə görə, İran ABŞ-yə uranın zənginləşdirilməsini üç illik dondurma təklif etməyə də hazırdır. Lakin ABŞ İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmasında israr edir.
Qeyd edək ki, İran və ABŞ çərşənbə axşamı İsveçrənin Cenevrə şəhərində danışıqların ikinci mərhələsini keçiriblər. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi hər iki tərəfin razılığa gəlmək üçün öz fikirlərini təqdim etdiyini bildirib. O, bu danışıqları mənalı adlandırıb. Nazir əlavə edib ki, İran və ABŞ yeni danışıqlar üçün tarix təyin etməzdən əvvəl razılaşma üçün zəmin yaratmaq məqsədilə mətn mübadiləsi aparmaq barədə razılığa gəliblər. ABŞ rəsmisi bildirib ki, irəliləyiş əldə edilib, lakin müzakirə olunmalı bir çox detal qalıb.
Firuzə Əliyeva
Sfera.az
