"İranda rejimin dəyişməsi ABŞ-nin prioritetidir" - Politoloq

"İranda rejimin dəyişməsi ABŞ-nin prioritetidir" - Politoloq
Kateqoriya məlum deyil
T

ABŞ-nin yüksək səviyyəli rəsmiləri artıq bir neçə dəfə bəyan edib ki, İranda rejim dəyişikliyi olmadan Tehranla normal münasibətləri qurmaq çətin olacaq. İrandakı vəziyyəti bilən siyasətçilər isə iddia edir ki, raket və hava hücumları ilə molla rejimini dəyişmək mümkün deyil. 


Əgər ABŞ İran rejimini dəyişmək istəyirsə hərbi müdaxilə ilə yanaşı başqa hansı tədbirləri görməlidir?


Sfera.az-a bu haqda açıqlama verən politoloq Əli Mustafanın fikirinə əsasən, ABŞ hərbi müdaxilə ilə yanaşı başqa istiqamətlərdə də iş aparır, diplomatik masada ciddi danışıqlar gedir, sadəcə bu proseslə bağlı geniş məlumat verilmir:

 

 

“Arada-sırada müəyyən açıqlamalar səsləndirilir, amma çox şey ictimaiyyətə sızmır. Böyük ehtimalla ABŞ və İran arasında paralel danışıqlar davam edir. Bu gün də danışıqların getdiyi bildirilir. Hazırda İsveçrədə Oman səfirliyində müəyyən görüşlər keçirilir. Məlumatlara görə, tərəflər başqa müstəvilərdə də təmasdadırlar və burada söhbət İran neftinin Amerika nəzarətinə keçməsindən gedir. Ehtimal olunur ki, rejimin dəyişməsi ilə bağlı məsələlər də müzakirə olunur. Hətta mətbuatda ABŞ-nin İran üçün alternativ hakimiyyət komandası formalaşdırdığı barədə fikirlər də yer alıb. Yəni bütün ehtimallar onu deməyə əsas verir ki, indiki İran rejiminin dəyişməsi Amerikanın, Tramp hakimiyyətinin prioritetləri içərisindədir. Amma İran neftinə nəzarət məsələsi daha vacib görünür”.


Politoloq neftə nəzarət etmək üçün rejimin dəyişməsinin şərt kimi qiymətləndirildiyini əlavə edib:

 

“Rejimin dəyişməsi üçün ya hərbi müdaxilə, ya da danışıqlar yolu seçilməlidir. Hər halda Xameneinin şəxsiyyəti bu gün İranda kifayət qədər ciddi faktordur. Eyni zamanda onun yaşını və sağlamlığını nəzərə alsaq, bu faktorun dəyişdirilməsi, sıradan çıxması ehtimalı da var. İndi hər şey İranın siyasi elitasının verəcəyi qərardan asılıdır. Əgər onlar Xameneini dəyişməyə razı olsalar, bu proses dinc yolla, razılaşma əsasında da baş verə bilər, yəni Maduro modelinin başqa bir versiyası ortaya çıxa bilər. Yox, əgər komanda Xameneini müdafiə etməkdə və rejimi saxlamaqda israrlı olarsa, o zaman hərbi müdaxilə gündəmə gələ bilər və bundan sonra xalqın ayaqlanması da mümkündür. Əslində, əvvəlki mərhələdə xalq müəyyən qədər rejimi dəstəkləmişdi, amma indi vəziyyət fərqli ola bilər. Amerika müdaxiləsi xalqın ayaqlanmasına, etiraz etməsinə səbəb ola bilər. Yəni xalqın əli ilə rejimin dəyişməsi variantı da istisna deyil. Amma ABŞ-nin hansı qərarı verəcəyini demək çətindir. Reallıq ondan ibarətdir ki, Amerika hərbi güclərini bölgədə artırır. Bu, həm təzyiq vasitəsidir, həm də əgər danışıqlar nəticə verməsə, güc tətbiqinin mümkünlüyünü göstərir. Mümkündür ki, müəyyən mərhələdə güc tətbiqindən sonra rejimin bir hissəsi dəyişikliyə razılıq versin və ya xalq prosesi özü başa çatdırsın. Bütün bunlar açıq proseslərin necə inkişaf edəcəyindən asılı olacaq”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ