İranda Tramp “edam” edildi - FOTO

İranda keçirilən anti-ABŞ aksiyalarından birində ABŞ prezidenti Donald Tramp obrazının simvolik edamı səhnələşdirilib.
Sfera.az xəbər verir ki, hadisə açıq meydanda təşkil olunan nümayiş zamanı baş verib.
Şahidlərin sözlərinə görə, Trampı təmsil etdiyi bildirilən personaj əlləri bağlı halda səhnəyə çıxarılıb və daha sonra qılıncla başının kəsilməsi səhnəsi canlandırılıb. Toplaşan izdiham performansı şüarlar səsləndirərək izləyib.
Sözügedən görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər nümayişi kəskin tənqid edib, digərləri isə bunu siyasi simvolizm kimi qiymətləndirib. Aksiyanın hansı təşkilat və ya qrup tərəfindən keçirildiyi barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik son dövrlər yenidən artıb. Tehran nüvə proqramından imtina etməyəcəyini vurğulasa da, danışıqlara hazır olduğunu bildirir. Vaşinqton isə razılaşma əldə olunmazsa bölgəyə hərbi müdaxilə ehtimalını gündəmdə saxlayır.
Ekspertlər hesab edir ki, bu tip simvolik aksiyalar siyasi qarşıdurma dövrlərində ictimai diqqəti cəlb etmək və ideoloji mesaj vermək məqsədi daşıyır.
Bəsti Rəfizadə
Sfera.az



