Cənubi Qafqazda balans dəyişir - Moskvanın reaksiyası necə olacaq? - AÇIQLAMA

Cənubi Qafqazda balans dəyişir - Moskvanın reaksiyası necə olacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan və ABŞ arasında yaxınlaşma regionda geosiyasi balans məsələsini yenidən gündəmə gətirib. Məlumdur ki, Cənubi Qafqaz regionu daha çox Rusiyanın təsiri altında olan region kimi tanınıb. Buna görə də region ölkələri kənar ölkələrlə müqayisədə Rusiya ilə daha yaxın münasibətlər qururdular. Amma son dövrlərdə region ölkələri, eləcə də Azərbaycan ABŞ ilə münasibətləri xeyli yaxşılaşdırıb və bunun davamı kimi Strateji Tərəfdaşlıq Xartiyası imzalandı.

 
Bu dəyişikliklər fonunda belə bir sual yaranır: Azərbaycanın ABŞ ilə münasibətlərini inkişaf etdirməsi Rusiyanın regional maraqları baxımından problem yarada bilərmi və bu yaxınlaşma Moskva tərəfindən necə dəyərləndirilir?


Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ABŞ ilə münasibətlərinin normallaşması və eyni zamanda yeni mərhələyə keçid etməsi, təbii ki, Cənubi Qafqazdakı geosiyasi proseslərə də birbaşa təsir göstərir.

 

Onun sözlərinə görə, Azərbaycan çoxvektorlu xarici siyasət kursuna üstünlük verir və bu çərçivədə rəsmi Bakı həm ABŞ, həm Çin, həm də dünyanın digər önəmli dövlətləri ilə qarşılıqlı bərabərhüquqlu və faydalı münasibətlərin inkişafında fəal mövqe tutur:

 


“Eyni zamanda Azərbaycan Rusiya ilə də münasibətlərin normal səviyyədə saxlanılmasında maraqlıdır. Lakin hazırda Kremlin Cənubi Qafqaza yanaşma tərzi və Azərbaycanla münasibətlərdə ziddiyyətləri ön plana çəkməsi iki ölkə arasında müəyyən problemlər yaradır. Əslində Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri qurması Rusiyaya qarşı yönəlmiş addım deyil və bunun Moskva ilə birbaşa əlaqəsi yoxdur. Azərbaycan öz maraqları çərçivəsində Rusiya ilə də normal münasibətlər qura bilər, lakin Kremlin daha çox təhdid və təzyiq siyasətinə üstünlük verməsi bu problemlərin əsas mənbəyidir”.


Politoloq vurğulayıb ki, Azərbaycan dünyanın bütün ölkələri ilə normal münasibətlər qurmaq hüququna malikdir və bu hüquqlardan istifadə edir:


“Hazırda ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və geostrateji proseslərə birbaşa təsir göstərir. Rusiyanın yanlış siyasəti isə nəticə etibarilə onun regiondakı mövqelərinə problemlər yaradır. ABŞ-nin regiona, o cümlədən Azərbaycana genişmiqyaslı investisiya yatırmaq niyyəti və yeni nəqliyyat marşrutları ilə bağlı atılan addımlar Cənubi Qafqazı tamamilə fərqli geosiyasi mərhələyə aparır. Bu proseslər Rusiyanın hegemon mövqeyini zəiflədir. Tramp administrasiyasının regiona daha praqmatik yanaşması da bunu göstərir. Belə bir şəraitdə Rusiyanın aqressiv və təhdidkar mövqeyi onun Cənubi Qafqazda rəqabət aparmaq imkanlarını daha da məhdudlaşdırır”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ