ABŞ-nin İran planı - Rejim dəyişikliyi olmayacaq?

Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər və İran ətrafında formalaşan beynəlxalq təzyiq fonunda “rejim dəyişikliyi” ehtimalı yenidən gündəmə gəlib. Xarici analitiklərin bəziləri hesab edir ki, ABŞ Tehranla razılaşmaqdansa yeni rejimin qurulmasını üstün tutur. Vaşinqton bu məqsədə çatmaq üçün məhz xarici müdaxiləyə gedə bilər.
Amma xarici müdaxilə yolu ilə rejimin dəyişdirilməsinin riskli olduğuna dair xəbərdarlıqlar da var. Əksər analitiklər hesab edir ki, xaricdən müdaxilə ilə güclü rejimin dəyişdirilməsi sonradan İraq və Əfqanıstanda olan kimi xaotik vəziyyət yarada bilər.
Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, indiki məqamda İranda xarici müdaxilə nəticəsində rejim dəyişikliyinə nail olma ehtimalı mümkün deyil və ən azından yaxın perspektivdə bu ehtimal istisna edilir.
Onun sözlərinə görə, İran cəmiyyəti kifayət qədər mürəkkəb quruluşa malikdir və Əfqanıstan, İraq və digər dövlətlərdə tətbiq olunan yanaşmaların burada uğur qazanması ehtimalı çox aşağıdır:

“Eyni zamanda mümkün hərbi müdaxilənin cəmiyyət tərəfindən necə qarşılanacağı ciddi şübhələr doğurur. Belə bir müdaxilə ölkə daxilində həmrəyliyi gücləndirə, xarici təsirə qarşı mövcud dini rejim ətrafında daha sıx və mütəşəkkil birləşməyə səbəb ola bilər ki, bu da xarici siyasi qüvvələrin hədəflədiyi nəticələrə ziddir”.
Politoloq ABŞ, İsrail və ya digər güc mərkəzlərinin hazırkı mərhələdə birbaşa hərbi müdaxilə yolu ilə İranda rejim və hakimiyyət dəyişikliyini hədəflədiyini də düşünmür:
“Onların əsas məqsədi təzyiq və təsir mexanizmlərindən istifadə etməklə İranı nüvə danışıqlarında geri addım atmağa, uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini məhdudlaşdırmağa və regionda proksi qüvvələrin dəstəklənməsi məsələsində mövqeyində dəyişikliklər etməyə məcbur etməkdir. Oman danışıqlarının uğursuzluğunun əsas səbəblərindən biri də hər iki tərəfin maksimalist tələblərlə çıxış etməsi və güzəştə getməməsidir. Mövcud şəraitdə qısamüddətli hərbi qarşıdurma ehtimalı istisna edilmir, lakin bunun birbaşa hərbi müdaxilə və İranda rejim dəyişikliyi ilə nəticələnəcəyini düşünmürəm”.
Niyaz Hacıyev
Sfera.az
