Vensin regiona səfəri - Azərbaycan və Ermənistan sülhə yaxınlaşır

Vensin regiona səfəri - Azərbaycan və Ermənistan sülhə yaxınlaşır
Kateqoriya məlum deyil
T

ABŞ-nin vitse-prezidentinin fevralın 9-11 tarixlərində Ermənistan və Azərbaycana planlaşdırılan səfəri Cənubi Qafqazda siyasi proseslərin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri gücləndirib. Vaşinqtonun yüksək səviyyəli nümayəndəsinin eyni vaxtda həm Bakı, həm də İrəvana səfəri regionda sülh və təhlükəsizlik gündəliyinin yenidən aktiv fazaya daxil olduğuna işarə kimi dəyərləndirilir. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh sazişi üzrə danışıqların taleyi və regional kommunikasiyaların açılması fonunda bu səfərin hansı prosesləri sürətləndirəcəyi maraq doğurur.

 

ABŞ administrasiyasının Cənubi Qafqaza artan diqqəti fonunda baş tutacaq səfərin təkcə diplomatik jest yox, eyni zamanda konkret siyasi mesajlar və mexanizmlərlə müşayiət olunacağı gözlənilir. Bu kontekstdə ABŞ vitse-prezidentinin regiona səfərinin Azərbaycan və Ermənistan arasında hansı istiqamətlərdə irəliləyiş yaradacağı əsas suallardan biri kimi ön plana çıxır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki,  ABŞ vitse-prezidentinin regiona səfəri, ilk növbədə, Azərbaycan-Ermənistan normallaşma gündəliyinin siyasi-diplomatik mərhələsinin sürətlənməsi baxımından əhəmiyyətlidir. 

 

Onun sözlərinə görə, Vaşinqton bu səfərlə tərəflərə açıq mesaj verir:

 

 

"ABŞ bildirir ki, proses yalnız texniki danışıqlar səviyyəsində yox, artıq beynəlxalq siyasi məsuliyyət mərhələsinə keçib. Xüsusilə sülh sazişinin əsas prinsipləri, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də qarşılıqlı tanınma məsələləri yenidən prioritet gündəm kimi önə çıxır. ABŞ üçün əsas hədəf regionda yeni hərbi eskalasiyanın qarşısını almaq və Cənubi Qafqazda idarəolunan sabitlik yaratmaqdır”.


Politoloq qeyd edib ki, səfər kommunikasiya xətlərinin açılması və regional inteqrasiyanın sürətlənməsi üçün də siyasi impuls yarada bilər:


“Burada söhbət yalnız nəqliyyat və iqtisadi marşrutlardan deyil, həm də etimadın institusional mexanizmlərlə möhkəmləndirilməsindən gedir. Vaşinqtonun prosesə daha fəal qoşulması onu göstərir ki, ABŞ bölgəni təkcə Rusiya-Türkiyə balansı çərçivəsində deyil, daha geniş qlobal təhlükəsizlik arxitekturasının bir hissəsi kimi görür. Bu baxımdan vitse-prezidentin Bakı və İrəvan səfərləri tərəfləri daha sürətli və konkret qərarlara sövq edən xarici təzyiq və təşviq mexanizmi rolunu oynaya bilər”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ