"Rusiya aktivlərinin müsadirəsi 2026-2027-ci illərdə prioritet olaraq qalır" - AK

Rusiya aktivlərinin ekspropriasiyası 2026–2027-ci illərdə Ukraynanın hərbi maliyyələşdirilməsi üçün əsas həll variantlarından biri kimi Avropa Komissiyasının gündəmində qalır.
Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo bəyan edib. O, oktyabrın 23-də Aİ sammitində Belçikanın “təzminat krediti” planını təsdiqləməkdən imtina etməsindən sonra Komissiyanın hansı alternativləri nəzərdən keçirdiyi ilə bağlı suala cavab verərkən bildirib:
“Bizim prioritetimiz hələ də Rusiya aktivləridir. Biz əvvəllər görünməmiş bir addım atmağa hazırlaşırıq. Belə tədbirlər və təkliflər üzərində işləmək üçün hələ də çoxlu texniki məsələlərin həllinə ehtiyac var”.
Pinyonun sözlərinə görə, “təzminat krediti” sxemi də mahiyyət etibarilə Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutur.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Belçikadakı səfiri Denis Qonçar “TASS”-a açıqlamasında Rusiya aktivlərinin hər hansı sxem üzrə müsadirəsini “oğurluq” adlandırmış və xəbərdarlıq etmişdi ki, Moskva cavab addımlarını dərhal atacaq. Diplomat əlavə edib ki, bu addımlar Qərb ölkələrini “itkilərini hesablamağa” vadar edəcək.
Niyaz Hacıyev
Sfera.az






