"Ukrayna Ordusundakı xarici qüvvələri məhv edəcəyik" - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ordusunun tərkibində xarici dildə danışan hərbçilərin olduğunu bildirib. Onun sözlərinə görə, bu xarici döyüşçülər Rusiya qüvvələri tərəfindən “məhv ediləcək”.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Peskov bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. O, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Fransanın Ukraynaya 2 min əsgər və zabitdən ibarət hərbi birlik göndərməyə hazırlaşdığı barədə hesabatına münasibət bildirib. Kremlin rəsmisi qeyd edib ki, rus hərbçilərinin məlumatına görə, Ukrayna ordusunun tərkibində tez-tez xarici dillər eşidilir.
Peskov çıxmaza girən sülh danışıqlarına da toxunaraq, Ukraynanın Rusiya ilə müzakirələri dayandırdığını və Moskvanın suallarına cavab verməyə hazır olmadığını deyib.
O bildirib ki, bu şəraitdə Rusiya sülh danışıqlarını dəyərləndirə bilmir. Kremlin sözçüsü həmçinin ABŞ Prezidenti Donald Trampın digər ölkələri Rusiyadan neft alışı dayandırmağa çağırışına da münasibət bildirib:
“Biz bu çağırışları eşitmişik, lakin enerji məhsullarını almaq barədə qərarı tərəfdaş ölkələrin özləri verəcəklər. Hər bir ölkə ən keyfiyyətli və ən sərfəli qiymətə malik enerji resurslarını əldə etməkdə maraqlıdır”, – deyə Peskov vurğulayıb.
Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenski Avropadan iki-üç illik maliyyə dəstəyinə ehtiyac duyduqlarını bildirib.
“Bunu bütün Avropa liderlərinə xatırlatdım. Biz onilliklər davam edəcək müharibə aparmaq istəmirik, lakin Avropa müəyyən müddət ərzində Ukraynaya sabit maliyyə dəstəyi göstərə biləcəyini sübut etməlidir”, – Zelenski qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az






