Özünü "yola atanlar":Sürücülər cəzalandırılmalıdır?

Azərbaycanda son vaxtlar yol-nəqliyyat hadisələrinə, xüsusilə də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzala hallarına tez-tez rast gəlinir. Rəsmi statistika da bu tendensiyanı təsdiqləyir.
Bir çox hallarda qəzalara piyadaların qəfil yola çıxması səbəb olur.
Bəs belə vəziyyətlərdə sürücü hansı hallarda məsuliyyət daşıyır?
Məsələnin hüquqi tərəfini aydınlaşdıran hüquqşünas Babək Umudov Sfera.az-a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına, habelə ölümünə səbəb olan hallarda təqsirləndirilən şəxsin cinayət məsuliyyətini nəzərdə tutur:
“Həmin maddəyə fikir versək, orada məhz yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması faktının mütləq mövcud olması göstərilir. Yəni Cinayət Məcəlləsinə hərfi baxımdan yanaşsaq, heç bir yol hərəkəti qaydası və ya istismar qaydası pozulmayıbsa, deməli şəxsin əməlinə münasibətdə ehtiyatsızlıqdan da söhbət getməməlidir. Ancaq Konstitusiya Məhkəməsinin rəyinə əsasən burada ikinci bir məsələni, sürücünün hadisənin baş verməsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması məsələsini də aydınlaşdırmaq lazımdır. Bunu isə məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyinə əsasən aydınlaşdırmaq lazımdır. Əgər sürücü heç bir qayda pozmamasına baxmayaraq, hadisənin qarşısını almaq imkanına malik idisə, lakin bu imkanı buraxıbsa, burada sürücünün ehtiyatsızlıq formasında təqsirindən söhbət gedə bilər”.
Hüquqşünasın sözlərinə görə, ehtiyatsızlıq təqsirin bir formasıdır (digər forma qəsddir) və onun 2 növü vardır:
1) Cinayətkarcasına özünəgüvənmə - şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.
2) Cinayətkarcasına etinasızlıq - şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.
Müsahibimiz bildirib ki, yolda hərəkət zamanı şəxs yol hərəkəti qaydalarına tam şəkildə əməl edibsə, nəqliyyat vasitəsinin istismar qaydaları pozulmayıbsa və hadisənin baş verməsinin qarşısını almağa texniki cəhətdən imkanı olmayıbsa, ancaq bununla belə hansısa piyada qəfildən yola çıxaraq həmin sürücünü onu vurmağa məcbur edibsə, burada əlbəttə sürücünün heç bir təqsirindən söhbət gedə bilməz:
“Bununla bağlı məhkəmələr və hüquq-mühafizə orqanları yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə diqqət yönəltməlidirlər. Digər tərəfdən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə isə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 аydаn 1 ilədək müddətə məhdudlaşdırılır.
Həmin maddədə nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin hallara yuxarıda qeyd edilən maddənin qüvvəsi şamil edilmir. Bu kateqoriyadan olan cinayət işləri və ya inzibati xətalara dair işlər üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir”.
B.Umudov qeyd etdi ki, qanunvericilik təkcə sürücülər üçün yox, həm də piyadalar üçün yol hərkəti qaydalarını təsbit edir:
“Əgər piyada yolu keçmək qaydalarını pozmaqla özünü yola atırsa, burada ilk növbədə təqsir piyadanın özündədir. Sürücü heç bir qaydanı pozmadığı halda, piyadanın qaydaları pozaraq qəfil yola atılaraq yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması nəticəsində ona dəymiş zərərə görə sürücü məsuliyyət daşımamalıdır, əksinə sürücü həmin piyadadan hadisə nəticəsində onun avtomobilinə dəymiş zərərin əvəzini mülki iddia qaldırmaqla tələb edə bilər”.
Görülən profilaktik tədbirlər və maarifləndirmə işləri barədə isə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətinin mövqeyini öyrəndik. Xidmətdən verilən məlumata görə, son aylarda yol-nəqliyyat hadisələrinin, o cümlədən piyadaların vurulması ilə nəticələnən qəzaların sayında azalma müşahidə olunur. Bu, Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi profilaktik və maarifləndirici tədbirlərin nəticəsidir. Yol polisi əməkdaşları tərəfindən respublika ərazisində mütəmadi reydlər keçirilir, xüsusən də piyadaların daha çox hərəkət etdiyi ərazilərdə nəzarət gücləndirilib. Baş DYP İdarəsi vətəndaşları qaydalara əməl etməyə, diqqətli olmağa və hər bir addımda təhlükəsizlik mədəniyyətini qorumağa çağırır.
Niyaz Hacıyev
Sfera.az






