Minsk qrupu ləğv edilir: Format dəyişikliyi Azərbaycana nə vəd edir? – Bu dövlətlər bir araya gəlsə...
Media
12:59 / 15.04.2022
2516
Rusiya tərəfinin Minsk qrupunda təmsil olunmayacağı sözügedən qrupun format dəyişikliyi məsələsini aktuallaşdırıb. Belə ki, təşkilatda həmsədrlərin dəyişilməsi, üzv ölkələrin hansısa birinin həmsədr olaraq seçilməsi məsələsi gündəmdədir.
Qeyd edək ki, Minsk qrupuna üzv ölkələr arasında Rusiya, ABŞ, Fransa Slovakiya, Çexiya, Türkiyə və İtaliya da yer alır.
Maraqlıdır, format dəyişikliyi Azərbaycana nə verə bilər? Həmsədr olaraq hansı ölkələrin seçilməsi konstrtuktiv mövqenin sərgilənməsi ilə nəticələnər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Məmmədov Minsk qrupunda format dəyişikliyinin ola biləcəyini deyib. Millət vəkili həmsədrlərin neytral dövlətlərdən seçilməsinin daha düzgün olduğunu bildirib:
"ATƏT Fransa, Rusiya kimi ermənipərəst dövlətlərdən ibarət deyil. Onların vasitəçiliyinə 44 günlük müharibədə ehtiyac qalmadı. Onların işi daha çox işğalın uzadılmasına xidmət edirdi. Bu qrupun əvvəlki formatı qəbuledilməzdir. Minsk qrupunun başqa ölkələrdən ibarət həmsədrlərdən təşkili mümkündür. Prezident də nitqində həmin ölkələrin hansı işləri görməsi ilə bağlı suallar ünvanlayıb. Hansısa problemin həlli üçün neytral və ədalətli mövqe sərgiləyən dövlətlərin formatda cəmlənməsi ağılabatandır. Lakin indi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi, separatizmin təmizlənməsi üçün ən optimal variant iki dövlət başçısının təkbətək danışmasıdır”.
Deputat Cənubi Qafqazda münaqişənin davam etməsinin Rusiya və Qərb ölkələri üçün faydalı olduğunu diqqətə çatdırıb:
"Problemli məsələlərin həlli üçün müdaxilə edən dördüncü, beşinci dövlətlər hadisələrə öz maraqları daxilində baxmağa çalışırlar. Bu gün nə Rusiya, nə də Qərb ölkələri Cənubi Qafqazda münaqişənin sonlanmasında maraqlıdırlar. Onlar müəyyən yollarla problemi qüvvədə saxlamağa çalışır, bununla bölgədə təsir rıçaqlarını qoruyurlar. Artıq sülh müqaviləsi imzalandıqdan sonra onlara gərək qalmayacaq”.
Əzizə Zeynal
Sfera.az