Günəşin gələcəyi ilə bağlı Yeni KƏŞF
Astronomlar Yer kürəsindən təxminən 1600 işıq ili uzaqlıqda yerləşən ölmüş ulduzun ətrafında iki ayrı halqa aşkar ediblər.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopundan istifadə edən alimlər Qız bürcündə yerləşən J1328-1450 adlı ağ cırtdan ulduzun ətrafında planet qalıqlarından ibarət iki halqa müəyyən ediblər.
Tədqiqatçılar hesab edirlər ki, halqalar ulduzun təkamülü zamanı parçalanmış qayalı göy cisimlərinin qalıqlarından yaranmış ola bilər.
“Nature Astronomy” jurnalında dərc olunan araşdırmaya əsasən, bu kəşf planet sistemlərinin ulduzların ömrü başa çatdıqdan sonra necə dəyişdiyini anlamağa kömək edə bilər.
Alimlərin fikrincə, müşahidələr təxminən beş milyard ildən sonra Günəş sisteminin hansı dəyişikliklərlə üzləşə biləcəyinə dair də ipucları verir.
Şahanə Ziyad






