Tərcümə xətası diplomatik qalmaqala səbəb olacaqdı - FOTO
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Akazava Ryosei sosial şəbəkə "X"in avtomatik tərcümə sistemindəki səhvlərə etiraz edib. Nazir bildirib ki, tərcümə xətaları səbəbindən görüşdüyü xarici dövlət rəsmilərinin adları üç dəfə yanlış göstərilib.
Sfera.az xəbər verir ki, son hadisə Banqladeşin Baş naziri Tarik Rəhmanla görüşdən sonra yaşanıb.
Nazir görüşlə bağlı paylaşım edib, lakin "X"in ingiliscə avtomatik tərcüməsində Rəhmanın adı keçmiş baş nazir Şeyx Hasinanın adı ilə əvəz olunub.
Akazava bu səhvin Banqladeş ictimaiyyətində Yaponiyanın nazirinin ölkənin hazırkı baş nazirini tanımadığı təəssüratı yarada biləcəyini bildirib. Oxşar səhv Küveytin neft naziri Tarık əl-Rumi ilə onlayn görüşdən sonra da baş verib. Tərcümədə Küveytli nazirin əvəzinə Qətərin energetika nazirinin adı göstərilib.
ABŞ-nin ticarət naziri Hovard Lutniklə görüş barədə paylaşımın tərcüməsində də yanlış ada yol verildiyi bildirilib.
Yaponiyalı nazir "X"in avtomatik tərcümə sistemindəki bu səhvlərin diplomatik münasibətlər baxımından ciddi anlaşılmazlıqlara səbəb ola biləcəyinə diqqət çəkib.
İradə Elsevər







