Təyyarədə qalmaqal: Sərxoş sərnişin məhkəməyə verildi
İngiltərədən ABŞ-yə uçan sərnişin təyyarəsində baş verən qalmaqallı hadisə məhkəməyə qədər uzanıb. Sərxoş olduğu bildirilən 30 yaşlı qadın sərnişin pilotun göstərişlərinə əməl etməyərək digər sərnişinlərin gözü qarşısında nalayiq hərəkətlər edib.
Sfera.az xəbər verir ki, hadisə “TUI” aviaşirkətinə məxsus “TOM 664” nömrəli reysdə baş verib.
Təyyarə İngiltərənin Birmingem şəhərindən ABŞ-nin Florida ştatındakı Melburn şəhərinə uçmağa hazırlaşarkən insident yaşanıb.
Məhkəmə sənədlərinə əsasən, 30 yaşlı Sarah Parker təyyarənin qalxış mərhələsində pilotun oturacağında oturmaq barədə göstərişinə məhəl qoymayıb. Tualetə getmək məqsədilə yerindən qalxan qadın koridorda paltarlarını aşağı endirib. Hadisə digər sərnişinlərin ciddi narazılığına səbəb olub.
Sərnişinlərin baş verənlərə təəccüblənərək etiraz etdikləri bildirilib. Halifaks şəhərində yaşayan Parker ictimai yerdə nalayiq davranış, təyyarədə sərxoş olmaq və pilotun qanuni göstərişlərinə tabe olmamaq ittihamlarını qəbul edib.
Mançesterdə keçirilən məhkəmə iclasında prokuror Edvard Dauns işin daha ağır cəzalar təyin etmək səlahiyyətinə malik Kral Məhkəməsinə göndərilməsini tələb edib. Hakimlər heyətinin sədri Elliot Taylor mövcud məhkəmənin mümkün cəza baxımından kifayət qədər səlahiyyətə malik olmadığı qənaətinə gəlib. Nəticədə iş Mançesterdə yerləşən “Minshull Street” Kral Məhkəməsinə göndərilib.
Qadının yekun məhkəmə baxışının gələn ay keçirilməsi gözlənilir.
Qeyd edək ki, İngiltərədə ictimai yerdə nalayiq davranış və təyyarədə sərxoşluqla bağlı qanun pozuntularına görə, işin ağırlığından asılı olaraq, cərimə və həbs cəzası tətbiq edilə bilir.
İradə Elsevər







