Logo

Bir vaxtlar fəhlə idi, indi dünyanın ən bahalı saatlarını yaradır - Ceykob Ərabo kimdir?

Bir vaxtlar fəhlə idi, indi dünyanın ən bahalı saatlarını yaradır - Ceykob Ərabo kimdir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən bahalı saat və zinət əşyalarını hazırlayan, Hollivud ulduzlarının, məşhur musiqiçilərin və varlı iş adamlarının üstünlük verdiyi ticarət nişanlarından birinin yaradıcısı olan Ceykob Ərabo adi bir ailədən çıxaraq dünya şöhrətli sahibkara çevrilib.

Bir vaxtlar Nyu-Yorkda sadə işçi kimi çalışan, ingilis dilini belə bilməyən bu şəxs sonradan musiqi dünyasının ən məşhur simalarının etibar etdiyi zərgərə çevrilib.

Sfera.az xəbər verir ki, daha çox “Jacob the Jeweler” (Zərgər Ceykob) ləqəbi ilə tanınan Ceykob Ərabo lüks zərgərlik və saat istehsalı sahəsində özünəməxsus üslubu ilə seçilir. Onun yaratdığı “Jacob & Co.” şirkəti qeyri-adi görünüşü, mürəkkəb mexanizmləri və milyonlarla dollar dəyərində olan saatları ilə tanınır. Lakin bu uğurun arxasında yalnız biznes bacarığı deyil, həm də köç, çətinliklər, məşhurluq və ciddi hüquqi problemlərlə müşayiət olunan həyat yolu dayanıb.

Bir vaxtlar fəhlə idi, indi dünyanın ən bahalı saatlarını yaradır - Ceykob Ərabo kimdir?

Ceykob Ərabo 1965-ci il iyunun 3-də keçmiş Sovet İttifaqının Özbəkistan SSR-in paytaxtı Daşkənddə buxaralı yəhudi ailəsində dünyaya gəlib. O, ailənin beş övladından yeganə oğlanı olub. 14 yaşında valideynləri və dörd bacısı ilə birlikdə ABŞ-yə köçüb. Yeni ölkədə ailənin nə böyük maddi imkanları, nə də ingilis dili biliyi var idi. Ərabo sonralar müsahibələrində həmin dövrün çətinliklərindən danışarkən Amerikaya daha yaxşı həyat qurmaq ümidi ilə gəldiklərini bildirib.

Onun zərgərlik və dizayna marağı hələ yeniyetməlik illərində formalaşıb. Atası 13 yaşında ona dünya saat qurşaqlarını göstərən xüsusi saat hədiyyə edib. Bu hədiyyə gələcəkdə onun ən məşhur saat nümunələrindən birinin yaranmasına ilham verəcəkdi. Bundan başqa, Sovet İttifaqında yay tətilində fotoqraf yanında işləməsi də onun yaradıcılıq baxışına təsir göstərib.

16 yaşında zərgərlik sahəsində işləməyə qərar verən Ərabo Nyu-Yorkda xüsusi təlim proqramına qatılıb. Daha sonra zərgərlik emalatxanasında işə başlayıb. Lakin o, başqalarının hazırladığı nümunələri istehsal etməklə kifayətlənmək istəmirdi. Öz əl işlərini yaratmağa başlayan gənc qısa müddətdə fərqlənib və evində hazırladığı zinət əşyalarını da satmağa başlayıb.

Bir vaxtlar fəhlə idi, indi dünyanın ən bahalı saatlarını yaradır - Ceykob Ərabo kimdir?

1986-cı ildə, cəmi 21 yaşında olarkən Nyu-Yorkun məşhur zərgərlik məhəlləsində öz mağazasını açıb və “Jacob & Co.” şirkətinin əsasını qoyub. Maraqlıdır ki, ətrafındakı bəzi zərgərlər onun qeyri-adi nümunələrinə əvvəlcə şübhə ilə yanaşırdılar. Həmin dövrdə bazarda əsasən nişan üzükləri və klassik zinət əşyaları üstünlük təşkil edib. Ərabo isə iri, parlaq, diqqətçəkən və fərqli görünüşə malik məhsullar hazırlamağa üstünlük verib. Sonradan məhz bu yanaşma onun əsas fərqləndirici xüsusiyyətinə çevrilib.

Ərabonun həyatında dönüş nöqtəsi musiqi dünyasının məşhur simaları ilə qurduğu əlaqələr olub. 1990-cı illərdə onun hazırladığı zinət əşyaları hip-hop ifaçılarının diqqətini çəkməyə başlayıb. Məhz məşhur reper Notorius Bi Ci ona “Jacob the Jeweler” ləqəbini verib. Bu ad sonradan onun dünya miqyasında tanınmasına səbəb olub. Cey-Zi, Şon Kombs, Keni Uest, Farell Uilyams, Busta Rayms və 50 Sent kimi sənətçilər onun müştəriləri sırasında yer alıblar.

Maraqlıdır ki, Ceykob Ərabo hip-hop mədəniyyətində kişilərin iri və brilyantlarla bəzədilmiş zinət əşyalarından istifadəsinin geniş yayılmasında mühüm rol oynayan şəxslərdən biri hesab edilir. O, sənətçilər üçün sadəcə bahalı bəzək əşyaları deyil, onların səhnə görünüşünü tamamlayan xüsusi nümunələr hazırlayıb. Reperlərin kliplərində, mahnılarında və ictimai çıxışlarında onun adının tez-tez çəkilməsi “Jacob the Jeweler” adını məşhurlaşdırıb.

Beləliklə, onun adı bahalı zərgərliklə hip-hop mədəniyyətini birləşdirən simvollardan birinə çevrilib. Arabonun ən böyük uğurlarından biri zərgərlikdən saat istehsalına keçidi olub. O, uzun müddət zinət əşyaları üzərində çalışsa da, saatlara marağı uşaqlıqdan yaranıb. 2002-ci ildə təqdim etdiyi “Five Time Zone” modeli onun saat sənayesindəki mövqeyini dəyişob. Saat eyni vaxtda dünyanın bir neçə şəhərinin saat qurşağını göstərməklə yanaşı, rəngarəng görünüşü və brilyantlarla bəzədilmiş nümunələri ilə də seçilib.

Modelin ideyası Arabonun 13 yaşında atasından aldığı, dünya xəritəsi və iki saat mexanizmi olan saatdan qaynaqlanıb. “Five Time Zone” qısa müddətdə məşhurlar arasında dəb halına gəlib. Cey-Zinin bu saatı 2003-cü ildə Nyu-Yorkda keçirilən konsertində taxması onun tanınmasına daha da kömək edib. Farell Uilyams, Busta Rayms və Şon Kombs da bu saatı istifadə edən məşhurlar arasında idi.

Ceykob Ərabo daha sonra mürəkkəb mexanizmləri ilə seçilən saatlar hazırlamağa başlayıb. Onun ən diqqətçəkən layihələrindən biri 2014-cü ildə təqdim edilən “Astronomia” kolleksiyası olub. Bu saatlar adi vaxtölçən cihazdan daha çox kiçik kosmik sistemi xatırladırdı. Saatın şəffaf korpusu daxilində üçölçülü Yer kürəsi, səma cisimlərini simvolizə edən elementlər və müxtəlif istiqamətlərdə hərəkət edən mexanizmlər yerləşdirib. Bütün bunlar saatın daxilində kiçik bir kainatın hərəkət etdiyi təəssüratını yaradırdı.

Onun yaradıcılığında kino sənayesi də xüsusi yer tutur. Ərabo uşaqlıqdan sevdiyi “Xaç atası” filminə həsr olunmuş “Opera Godfather” saatını hazırlamaq üçün “Paramount Pictures” şirkəti ilə əməkdaşlıq edib. Bu nümunənin ən qeyri-adi xüsusiyyəti onun sadəcə vaxtı göstərməməsidir. Saatın daxilindəki mexaniki musiqi qutusu filmin məşhur musiqisini ifa edir. Musiqi səslənərkən saatın daxili mexanizmləri də hərəkətə gəlir. Don Korleonenin kiçik heykəlciyi və filmin simvolları bu nümunəni daha da fərqli edir. Saatın hazırlanması Ərabo üçün xüsusi məna daşıyırdı. Çünki “Xaç atası” onun ABŞ-a köçdükdən sonra kinoteatrda izlədiyi ilk film olub.

Arabonun idman dünyası ilə əlaqələri də diqqət çəkir. O, portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo ilə uzun illərdir dostluq münasibətlərinə malikdir. 2022-ci ildə bu münasibətlər işbirliyinə çevrilib və “Jacob & Co.” ilə Ronaldonun “CR7” ticarət nişanı birgə saat dəsti təqdim edib. “Epic X Flight of CR7” və “Heart of CR7” adlı nümunələr futbolçunun karyerasına və nailiyyətlərinə həsr olunub.

Şirkətin ən bahalı və diqqətçəkən layihələrindən biri isə “Billionaire” kolleksiyasıdır. Bu saatlar nadir brilyantlarla və digər qiymətli daşlarla bəzədilir, məhdud sayda hazırlanır. “Jacob & Co.” bu kolleksiya vasitəsilə saat istehsalı ilə yüksək səviyyəli zərgərlik sənətini birləşdirir. Bununla belə, Arabonun şəxsi sərvətinin dəqiq həcmi ilə bağlı təsdiqlənmiş məlumat yoxdur. Buna görə də onu milyarder adlandırmaq əvəzinə, beynəlxalq lüks sənayesində böyük biznes qurmuş sahibkar kimi təqdim etmək daha doğrudur.

Lakin Ceykob Arabonun həyatı yalnız uğur və məşhurluqdan ibarət olmayıb. 2006-cı ildə onun adı ABŞ-də fəaliyyət göstərən “Black Mafia Family” adlı cinayətkar şəbəkənin araşdırılması zamanı hallanıb. Federal hüquq-mühafizə orqanları onu narkotik satışından əldə edilən pulların yuyulmasına kömək etməkdə şübhəli bilib. Həmin il Nyu-Yorkdakı mağazasında həbs olunan Ərabo ciddi ittihamlarla üzləşib. Ancaq sonradan prokurorluqla razılaşma çərçivəsində çirkli pulların yuyulması ittihamları üzrə təqib dayandırılıb. O, istintaq zamanı sənədlərin saxtalaşdırılması və federal agentlərə yalan məlumat verilməsi ilə bağlı təqsirini etiraf edib.

2008-ci il iyunun 24-də məhkəmə onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, 50 min dollar cərimə və dövlətə 2 milyon dollar ödəniş təyin olunub. Beləliklə, Ərabo narkotik ticarətində birbaşa iştirakına görə deyil, istintaqa yalan məlumat verməsi və sənədlərin saxtalaşdırılması ilə bağlı cinayətlərə görə cəzalandırılıb.

Bir vaxtlar fəhlə idi, indi dünyanın ən bahalı saatlarını yaradır - Ceykob Ərabo kimdir?

Həbs cəzasından sonra da onun biznesi fəaliyyətini davam etdirib. Ərabo sonrakı illərdə diqqətini daha mürəkkəb mexanizmlərə malik lüks saatların istehsalına yönəldib. Bu gün “Jacob & Co.” təkcə zinət əşyaları ilə deyil, qeyri-adi mühəndislik həlləri, məhdud sayda hazırlanan saatları və məşhurlarla əməkdaşlıqları ilə tanınan beynəlxalq şirkətdir. Şirkətin inkişafında onun oğlu Bencamin Ərabonun da rolu var.

Ceykob Arabonun hekayəsini maraqlı edən əsas məqam onun zərgərlik sahəsində ənənəvi yanaşmanı dəyişdirməsidir. O, bahalı zinət əşyalarını yalnız varlı insanların istifadə etdiyi aksesuardan çıxararaq musiqi, moda, idman və populyar mədəniyyətin bir hissəsinə çevirə bilib. Daşkənddən ABŞ-yə köçən yeniyetmənin adını dünyanın ən məşhur reperlərinin mahnılarında eşitdirməsi, yaratdığı saatları isə milyonlarla dollar dəyərində kolleksiya nümunələrinə çevirməsi onun həyatını qeyri-adi sahibkarlıq hekayələrindən birinə çevirib.

Bəsti Rəfizadə
Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR