Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə

Bəzi insanlar gündəlik həyatında bürclərə ciddi əhəmiyyət verir, bütün qərarlarını ulduz falına uyğunlaşdırır, hətta münasibətlərdə qarşı tərəfin bürcünü əsas meyarlardan biri kimi qəbul edir. Bu marağın arxasında hansı psixoloji səbəblərin dayandığı daim maraqlı olub.
Psixoloq Aynur İsgəndərova Sfera.az-a açıqlamasında bildirib ki, insanların bürclərə və ulduz falına güclü marağının arxasında ilk növbədə qeyri-müəyyənliyi azaltmaq və həyata nəzarət hissini gücləndirmək ehtiyacı dayana bilər.
Onun sözlərinə görə, insan gələcəklə, münasibətlərlə və ya mühüm qərarlarla bağlı tərəddüd yaşadıqda, sadə və hazır izahlar ona psixoloji rahatlıq verə bilər. O qeyd edib ki, burada təsdiqləmə meyli də rol oynayır:
“İnsan öz bürcü haqqında deyilən və ona uyğun gələn xüsusiyyətləri daha çox xatırlayır, uyğun gəlməyən məlumatları isə nəzərdən qaçıra bilir”.

A.İsgəndərovanın fikrincə, bürclər bəzi insanlar üçün özünü tanımaq və davranışlarını izah etmək vasitəsinə də çevrilə bilər:
“Bürclərə maraq göstərmək və ulduz falını əyləncə kimi oxumaq özlüyündə problem deyil. Məsələ o zaman dəyişir ki, insan həyatındakı mühüm qərarları yalnız bürcə əsasən verməyə başlayır, münasibətləri sırf qarşı tərəfin bürcünə görə müəyyənləşdirir və ya ulduz falına uyğun davranmadıqda ciddi narahatlıq keçirir”.
O vurğulayıb ki, burada əsas məsələ insanın bürclərə inanıb-inanmaması deyil, bu inancın onun həyatına nə dərəcədə təsir etməsidir:
“Əgər bu maraq insanın seçim azadlığını məhdudlaşdırmır və gündəlik funksionallığına mənfi təsir göstərmirsə, bunu maraq və ya şəxsi inanc kimi qiymətləndirmək mümkündür. Bürclərə bağlılıq insanın qərarverməsinə, münasibətlərinə və emosional vəziyyətinə ciddi təsir göstərirsə, bu bağlılığın arxasında duran psixoloji ehtiyacların araşdırılması faydalı ola bilər”.
İradə Elsevər






