Qəhvə içmədən də faydasını görə bilərsiniz

Yaponiyada aparılan araşdırma təzə dəmlənmiş qəhvə qoxusunun insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. Məlum olub ki, qəhvə qoxusunu cəmi beş dəqiqə iyləmək yorğunluq və gərginlik kimi mənfi emosiyaları azalda bilər.
Sfera.az xəbər verir ki, “Nutrients” jurnalında dərc olunan araşdırmada 20–29 yaş aralığında olan 20 universitet tələbəsi iştirak edib.
Tədqiqat zamanı iştirakçılar beş dəqiqə ərzində təzə dəmlənmiş qəhvə qoxusuna məruz qalıblar. Nəticədə onların yorğunluq, narahatlıq, gərginlik və çaşqınlıq səviyyələrində azalma, beyində isə rahatlama indeksində artım müşahidə olunub.
Mütəxəssislər qəhvə qoxusunun xoş xatirələri canlandıraraq əhval-ruhiyyəyə təsir göstərə biləcəyini düşünürlər.
Bununla belə, araşdırmada nəzarət qrupunun olmaması nəticələrin qəti sübut kimi qəbul edilməsinə imkan vermir. Alimlər bildirirlər ki, iştirakçıların beş dəqiqə ərzində sakit şəkildə dincəlməsi də müsbət təsir göstərmiş ola bilər.
Mənsumə






