Nefti saçla təmizləyirlər – Ekoloqlardan FƏRQLİ ÜSUL

Nefti saçla təmizləyirlər – Ekoloqlardan FƏRQLİ ÜSUL
Kateqoriya məlum deyil
T

Braziliyada insan saçından dənizdə neft və digər çirkləndiricilərin qarşısını alan baryerlər hazırlanır.

Sfera.az xəbər verir ki, bu texnologiya artıq Çili və ABŞ kimi ölkələrdə tətbiq olunur. Braziliyanın “Fiotrar” qeyri-hökumət təşkilatının təsisçisi Mariana Robran da həmin texnologiyadan ilhamlanaraq ölkəsində layihəyə başlayıb.

Layihənin ilk sınaqları Rio-de-Janeyro ştatındakı Quanabara körfəzində keçirilib. Saçdan hazırlanan xüsusi filtrlər tullantıları saxlayan üzən baryerlərə bərkidilir. Saçla doldurulmuş silindr formasında olan bu baryerlər suya yerləşdirilərək neft, biodizel və digər çirkləndirici maddələri özünə hopdurur. Mütəxəssislərin sözlərinə görə, baryerlər dənizdə dörd aya qədər qala və gəmilərdən, qanunsuz tullantı axıdılmasından və digər mənbələrdən yayılan çirkləndiriciləri toplaya bilər.

Layihənin əsas üstünlüklərindən biri xammalın asan əldə olunmasıdır. Braziliyada gözəllik salonlarından toplanan və parik hazırlanmasında istifadə olunmayan saçlar bu məqsədlə layihəyə verilir. Hazırda təxminən on salon saç tullantılarını layihəyə bağışlayır.

Qeyd olunur ki, heyvan tüklərindən də nefti udmaq və süzmək üçün istifadə etmək mümkündür.

Layihənin həyata keçirildiyi Quanabara körfəzi uzun illərdir çirklənmə problemi ilə üzləşir. Ərazidə intensiv gəmi hərəkəti səbəbindən neft sızmaları balıqçılığa da ciddi zərər vurur.

Yerli balıqçı Serjio Karvalyo bildirib ki, balıqçılar torlarla dənizə çıxdıqda tez-tez suyun səthində neft ləkələri ilə qarşılaşırlar. Onun sözlərinə görə, neft suyun təxminən 1,5 metr dərinliyinə qədər təsir edir və balıqlar həmin ərazilərdən uzaqlaşır.

Ekoloji təşkilatlar ümid edirlər ki, saçdan hazırlanan baryerlər körfəzin çirklənməsinin azaldılmasına və ekosistemin bərpasına kömək edəcək.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR