2500 illik sirr: Amazon cəngəlliklərində naməlum sivilizasiyanın izləri tapıldı

Braziliyanın Amazon cəngəlliklərində arxeoloqlar əvvəllər elmə məlum olmayan yüzlərlə qədim torpaq quruluşu aşkar ediblər. Mütəxəssislərin fikrincə, bu abidələr təxminən 2500 il əvvəl mövcud olmuş sirli Akviri sivilizasiyasına məxsusdur.
Sfera.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
Tədqiqatçılar təxminən 4500 kvadrat kilometr ərazini araşdırarkən həndəsi formalı 396 yeni geoqlif – torpaqdan yaradılmış nəhəng fiqur aşkar ediblər. Bununla da məlum geoqliflərin ümumi sayı 1700-ə yaxınlaşıb. Alimlər hesab edirlər ki, sıx meşə örtüyü altında hələ də 20 mindən çox oxşar quruluş gizlənə bilər.
Araşdırmalara görə, hər bir geoqlifin tikintisi və saxlanılması üçün təxminən 300 nəfərin əməyinə ehtiyac olub. Bu hesablamalar göstərir ki, Akviri sivilizasiyasının ən qüdrətli dövründə – eramızın 100-300-cü illərində əhalinin sayı 1,25 milyondan 3 milyona qədər dəyişə bilərdi.
Alimlərin sözlərinə görə, uzun yaşayış evləri mərasim mərkəzlərinin ətrafında yerləşirdi. Sakinlər əsasən qarğıdalı və balqabaq becərirdilər. Tədqiqatçılar hesab edirlər ki, geoqliflər yalnız dini ayinlər üçün deyil, həm də icmaların toplantıları, siyasi qərarların qəbul edilməsi və müxtəlif yaşayış məntəqələri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə istifadə olunub.
Mütəxəssislər bildirirlər ki, bu quruluşlar Peru ərazisindəki məşhur Naska xətləri ilə oxşarlıq təşkil etsə də, iki mədəniyyət arasında birbaşa əlaqəyə dair sübut yoxdur. Onların əsas ortaq cəhəti nəhəng ölçülərinin ən yaxşı şəkildə havadan görünməsidir.
Tədqiqatın müəlliflərini düşündürən əsas məsələlərdən biri isə Akviri sivilizasiyasının necə yoxa çıxmasıdır. Məlumata görə, geoqliflər eramızın 850-950-ci illəri arasında qəfil tərk edilib. Sivilizasiyanın süqut səbəbi hələ də məlum deyil. Alimlər ehtimal edirlər ki, bu hadisə Kolumbdan əvvəlki Amerikada baş vermiş daha geniş miqyaslı böhranın tərkib hissəsi olub və həmin dövrdə mayalar, Tivanaku və Vari kimi digər böyük sivilizasiyalara da təsir göstərib.
Firuzə Əliyeva






