Süni intellekt şirkətlərə sürətlə yayılır

Süni intellekt şirkətlərə sürətlə yayılır
Kateqoriya məlum deyil
T

Süni intellekt texnologiyalarının iş dünyasında istifadəsi sürətlə artır. Lakin şirkətlər bu texnologiyanın yaratdığı kibertəhlükəsizlik risklərindən də ciddi narahatdır.

Sfera.az xəbər verir ki, Kaspersky-nin 18 ölkədə 1800 İT və kibertəhlükəsizlik mütəxəssisi arasında keçirdiyi araşdırmaya görə, iştirakçıların 69 faizi süni intellektlə gücləndirilmiş həlləri şirkətlər üçün tövsiyə edə biləcəyini bildirib. Süni intellektdən istifadə etmək istəməyənlərin payı isə cəmi 5 faiz olub.

Araşdırmada süni intellektdən ən çox məlumatların təhlili və vizuallaşdırılması, layihələrin idarə edilməsi, məlumat axtarışı, iş proseslərinin avtomatlaşdırılması və mətn hazırlanması sahələrində istifadə edildiyi müəyyənləşib.

Bununla yanaşı, mütəxəssislərin 84 faizi süni intellektin şirkətlər üçün müxtəlif təhlükəsizlik riskləri yarada biləcəyini düşünür. Son bir ildə dünya üzrə təşkilatların 72 faizi ən azı bir kibertəhlükəsizlik insidenti ilə qarşılaşıb. Onların 8 faizi isə süni intellektlə əlaqəli təhlükələrlə üzləşib.

Mütəxəssislər xəbərdarlıq edir ki, süni intellekt alətlərinin nəzarətsiz istifadəsi məlumat sızması, icazəsiz giriş və yeni növ kiberhücumlar üçün şərait yarada bilər.

Kaspersky şirkətlərə süni intellektdən istifadə qaydaları müəyyənləşdirməyi, həssas məlumatları qorumağı, əməkdaşların kibertəhlükəsizlik üzrə maarifləndirilməsini və müasir təhlükəsizlik sistemlərindən istifadə etməyi tövsiyə edir.

Ekspertlərə görə, süni intellektdən istifadənin artdığı bir dövrdə texnoloji imkanlarla yanaşı, təhlükəsizlik tədbirlərinin də gücləndirilməsi vacibdir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR