Yaddaşını itirdi, əkiz qardaşının yaratdığı saxta həyatla yaşadı: "Həqiqəti öyrənəndə dünyam dağıldı"

Bir səhər xəstəxanada yuxudan oyananda yaddaşındakı hər şey silinmişdi. Nə adını, nə də yaşını bilirdi. Onun qarşısındakı yeganə tanış sima əkiz qardaşına məxsus idi. Markus yaddaşını tamamilə itirmiş Aleksə, keçmişini danışır: uşaqlıq xatirələrini, ailələrini, yaşadıqları evi... Amma on ildən sonra Aleks bütün hekayənin yalan olduğunu öyrənir.
Sfera.az film kimi hadisənin təfərrüatlarını təqdim edir.
Aleks Levis 18 yaşında dəhşətli motosiklet qəzasından sonra xəstəxanada oyananda heç nə xatırlamırdı.
Nə adı, nə yaşı, nə də keçmişinin bir detalı. Yadında qalan təkcə əkiz qardaşı Markus idi.
Markus qardaşına həyatını yenidən qurmağa kömək etdi. Evini, ailəsini, uşaqlıq xatirələrini danışdı; birlikdə keçirdikləri xoşbəxt illəri, ailəvi bayramları, normal uşaqlıq illərini danışdı. Aleks Markusun sözləri ilə formalaşan bu “yenidən doğuşa” tamamilə inanırdı.
Lakin on il sonra o, bunların hamısının yalan olduğunu anlayıb.
"Mən yalnız Markusu tanıyırdım"
Qəza 1982-ci ildə baş verib. Aleks arxasına mindiyi motosiklet aşıb, alovlanıb və partlayıb. Günlərlə komada qalıb. Həkimlər ümidlərini itirsələr də, qardaşı Markus heç vaxt ümidini itirməyib.
Bir səhər Aleks gözlərini açıb. "Mən ona baxdım və "Salam, Markus" dedim". Amma anasını tanımırdı. Öz adını belə bilmirdi. Bircə onu bilirdi ki, yanındakı gənc onun qardaşıdır.
Həkimlər bunun tibbi baxımdan qeyri-adi olduğunu bildirib. Aleks keçmişindən heç nə xatırlamırdı, amma Markus heç vaxt ağlından silinməmişdi.
Aleks xəstəxanadan çıxandan sonra hər şeyi yenidən öyrənməli olub.
Ayaqqabının bağını necə bağlamaq, necə danışmaq, necə ünsiyyət qurmaq... Markus onun daimi bələdçisi olub.
"Bu mətbəxdir. Bu sənin diş fırçandır. Bu da sənin otağındır" - deyərdi.

Markusun hekayələri vasitəsilə Aleks xoşbəxt ailəsi olduğunu, atalarının gənc öldüyünü və anası Cillin yenidən evləndiyini öyrənir.
Zaman keçdikcə maşın sürməyi, işə getməyi və ictimailəşməyi öyrənir. Ancaq o, həmişə anası ilə əlaqə saxlamaq üçün mübarizə aparırdı. “Onun mənim anam olduğunu qəbul etmək həmişə içimdə müqavimət yaradıb” - deyir.
Anası Cill öləndə Aleks əşyalarını gözdən keçirərkən çardaqda qəribə şeylər tapıb.

Gizli şkafda o, özünün və Markusun uşaq vaxtı çılpaq fotolarını tapıb. Fotoların başları kəsilmiş vəziyyətdə olub.
O vaxta qədər hər şeyə inanan Aleks indi nəyinsə gizləndiyini hiss edib, terapiyaya başlayıb. Bir seans zamanı içəridən bir səs ona “qardaşından həqiqəti al” deyib.
Bir axşam o, evə gələrək Markusun qabağında oturub və: "Mən inanıram ki, anam bizi cinsi istismar edib" - deyib.
Markusun üzü solğunlaşıb. Əlindəki çay fincanı yerə düşüb. Sonra sadəcə başını tərpədib.
Elə o anda Aleks bütün keçmişinin uydurma olduğunu başa düşüb.
"Onu qorumaq üçün yalan danışdım"

Markus nəhayət hər şeyi danışlb. Onların anası Cillin illərdir uşaqlarına təcavüz etdiyini... Tanıdığı kişilərin onlara pislik etməsinə icazə verdiyini...
Ögey atası Cek isə heç nə bilmirdi.
Markus deyir ki, qardaşı komadan oyananda qarşısında iki seçim var idi:
"Ya ona hər şeyi danışacaqdım, ya da onu qoruyacaqdım. O, o qədər kövrək idi, həqiqətin öhdəsindən gələ bilmirdi. Mən ona gözəl bir uşaqlıq yaşatdım. Yalan idi, amma heç olmasa rahat idi".
Ancaq yalan illər keçdikcə böyüdü. Hətta Markus da nə vaxtsa onun uydurma xatirələrinə inanmağa başladı.
Aleks həqiqəti öyrənəndə 32 yaşında idi.
O günə qədər kefini çəkdiyi “xoşbəxt keçmişi” tamamilə darmadağın olub.
"Heç nə xatırlamırdım, amma o an hiss etdiklərim sözlə ifadə olunmaz idi. Sanki kimsə məni boşaldıb" - deyir.
Bununla belə, o, qardaşından küsməyib.
"18 yaşımda oyananda bütün bunları bilsəydim, ağlımı qoruya bilməzdim. Markus məni qorudu. O, mənə ikinci şans verdi".
Bu gün Aleks və Markus ən yaxşı dost olaraq qalırlar. Onlar öz travmalarından keçməyə və həyatlarında yeni səhifələr açmağa, yeni mənalar tapmağa çalışırlar.
Xanım





