Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi"
Nəsimi rayonunda birlikdə kirayədə qaldıqları İsgəndər Əliyevi yatdığı yerdə qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.
Sfera.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Fazil Feyzullayevin çalışdığı şirkətin təsisçisi şahid kimi ifadə verib.
O, ifadəsində vurğulayıb ki, Fazil Feyzullayev və İsgəndər Əliyev həmin şirkətdə çalışıblar:
"Hadisə günü İsgəndərlə Fazil işə gəlməmişdilər. Onların münasibəti həmişə yaxşı olub. Hər ikisi rəsmi 200-400 AZN maaş alıblar. Hadisədən əvvəl İsgəndərə pul lazım idi, 200 ABS dolları vermişdik. Fazildə heç vaxt dollar ola bilməzdi, o pul yəqin İsgəndərin olub. Fazil işdə həmişə ondan-bundan borca pul alıb".
Şahid ifadəsi zamanı onu da vurğulayıb ki, işə gəlmədikləri üçün İsgəndərin mobil telefonuna zəng edildikdə xırıltılı səslə boğazının ağrıdığını və buna görə gəlmədiyini deyib. Polis hadisə barədə məlumat verdikdən sonra isə məlum olub ki, Fazil İsgəndərin telefonu ilə qəsdən xırıltılı səslə danışıb.
Daha sonra hadisə yerində ifadələrin yoxlanılması zamanı qeydə alınmış videogörüntülər nümayiş etdirilib.
Növbəti iclas dekabrın 9-na təyin olunub.
Xatırladaq ki, araşdırmalarla avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abbasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatdığı yerdə başına çəkiclə vuraraq qətlə yetirdikləri müəyyən olunub. Onlar hadisədən sonra otaqda axtarış apararaq İsgəndər Əliyevə məxsus 300 ABŞ dollarını mənimsəyiblər. Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonunda müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abbasov təqsirləndirilən şəxs qismində cəlb olunublar, onlar barəsində həbs qətimkan tədbiri seçilib./oxu.az






