Logo

Azərbaycanda pensiya yaşı azaldıla bilər?

Azərbaycanda pensiya yaşı azaldıla bilər?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən il Azərbaycanda 59 min 834 nəfər vəfat edib. Onların 37,4 faizi və ya 22 min 361 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişib. Başqa sözlə, ölkədə vəfat edən hər üç nəfərdən birindən çoxu hazırkı pensiya yaşına çatmağa macal tapmayıb.

Sfera.az bildirir ki, "AzPolitika" açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, pensiya yaşına çatmadan vəfat edənlər arasında kişilərin xüsusi çəkisi daha yüksək olub. Belə ki, il ərzində dünyasını dəyişən kişilərin 45,2 faizi və ya 14 min 782 nəfəri 65 yaşına çatmadan vəfat edib.

Qadınlarda isə bu göstərici 17,9 faiz təşkil edib. Başqa sözlə, pensiya yaşına çatmadan vəfat edən qadınların sayı 7 min 579 nəfər olub.

Digər tərəfdən, Azərbaycanda yaşa görə pensiya alanların sayı da son 15 ildə əhəmiyyətli dərəcədə azalıb. 2010-cu ildə 858 min 659 nəfər yaşa görə əmək pensiyası alırdısa, 2025-ci ildə bu rəqəm 712 min 700 nəfərə düşüb.

Beləliklə, təxminən 15 il ərzində yaşa görə pensiya alanların sayı 146 min nəfərdən çox və ya 17 faiz azalıb.

İllər üzrə yaşa görə pensiya alanların sayı belə olub:

2010 — 858 659 nəfər;

2011 — 831 122 nəfər;

2012 — 812 771 nəfər;

2013 — 800 547 nəfər;

2014 — 791 263 nəfər;

2015 — 785 068 nəfər;

2016 — 781 238 nəfər;

2017 — 781 957 nəfər;

2018 — 778 057 nəfər;

2019 — 756 136 nəfər;

2020 — 742 034 nəfər;

2021 — 716 222 nəfər;

2022 — 707 001 nəfər;

2023 — 696 266 nəfər;

2024 — 706,2 min nəfər;

2025 — 712,7 min nəfər.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda kişilər 62, qadınlar isə 57 yaşına çatdıqda və azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ əldə edirdilər. Lakin sonrakı illərdə pensiya yaşının mərhələli şəkildə artırılmasına başlanılıb. Belə ki, kişilərin pensiya yaşı 2010-cu il yanvarın 1-dən 2012-ci il yanvarın 1-dək, qadınların pensiya yaşı isə 2010-cu il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək hər il altı ay artırılıb. Daha sonra kişilər üzrə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınlar üzrə isə 2017-ci il iyulun 1-dən 2026-cı il iyulun 1-dək hər il altı aylıq artım tətbiq edilib. Nəticədə son 16 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 65-ə çatdırılıb.

Bəs pensiya yaşına çatmadan vəfat edənlərin sayının çoxluğu və yaşa görə pensiya alanların sayında müşahidə olunan azalma fonunda Azərbaycanda pensiya yaşının aşağı salınması mümkündürmü?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda gələcəkdə pensiya yaşının azaldılması mümkün olsa da, yaxın perspektivdə belə bir qərarın qəbul olunacağı gözlənilmir: "Çünki pensiya yaşının müəyyənləşdirilməsi təkcə sosial məsələ deyil, həm də dövlətin maliyyə imkanları, əmək bazarındakı vəziyyət və pensiya sisteminin dayanıqlılığı ilə bağlıdır. Pensiya alanların sayının azalması və pensiya yaşına çatmadan vəfat edənlərin çox olması isə bu məsələyə yenidən baxılmasını zəruri edən ciddi sosial göstəricilərdir".

"Digər tərəfdən, insanların orta ömür uzunluğu, sağlamlıq vəziyyəti və əmək qabiliyyətini qoruyub saxlamaq imkanları da nəzərə alınmalıdır. İnsanların bir qismi pensiya yaşına yaxınlaşanda artıq əvvəlki fiziki gücə malik olmur. Xüsusilə ağır və zərərli əmək şəraitində çalışanlar üçün mövcud yaş həddi ciddi problem yaradır. Bu baxımdan, pensiya yaşının hamı üçün eyni qaydada müəyyənləşdirilməsi nə dərəcədə ədalətlidir?" – deyə o qeyd edib.

İqtisadçı gələcəkdə pensiya yaşının ümumi şəkildə azaldılmasından daha çox, müəyyən peşə və sosial qruplar üzrə güzəştlərin genişləndirilməsinin real göründüyünü deyib: "Xüsusilə ağır əmək şəraitində çalışanların, sağlamlıq imkanları məhdudlaşan şəxslərin və uzun müddət əmək fəaliyyəti ilə məşğul olan insanların daha erkən pensiyaya çıxması üçün mexanizmlər nəzərdən keçirilə bilər. Əsas məqsəd insanların pensiya hüququndan faktiki olaraq yararlana bilməsini təmin etmək olmalıdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR