Logo

2027-ci ildə maaşlar, pensiyalar və müavinətlər nə qədər artacaq? - RƏQƏMLƏR

2027-ci ildə maaşlar, pensiyalar və müavinətlər nə qədər artacaq? - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ilin başa çatmasına az qaldığı bir vaxtda Azərbaycanda növbəti il üçün nəzərdə tutulan sosial islahatlar diqqət mərkəzindədir.

Gələn il əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması əhalini maraqlandıran əsas məsələlərdəndir. 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması, eləcə də altıncı sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin noyabrın 17-də Milli Məclisdə açıqladığı məlumata əsasən, 2027-ci ildə altıncı sosial islahat paketinin həyata keçirilməsi üçün dövlət və icmal büdcələrində müvafiq maliyyə təminatı yaradılıb.

Gələn il sosialyönümlü büdcə xərclərinin 1,6 milyard manat və ya 9,2 faiz artaraq 18,7 milyard manata çatması nəzərdə tutulur. Bu isə dövlət büdcəsi xərclərinin 44,2 faizini təşkil edəcək.

Pensiyalar son illərdə nə qədər artıb?

Azərbaycanda əmək pensiyaları əvvəlki il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Son illərdə əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində artımlar müxtəlif faizlərlə həyata keçirilib:

2020-ci ildə – 16,6 faiz;
2021-ci ildə – 11,4 faiz;
2022-ci ildə – 3,4 faiz;
2023-cü ildə – 14,7 faiz;
2024-cü ildə – 11,2 faiz;
2025-ci ildə – 8,1 faiz;
2026-cı ildə – 9,3 faiz.

2027-ci ildə isə pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi proqnozlaşdırılır. Bu məqsədlə 575,5 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Göstəricilərdən aydın olur ki, 2027-ci il üçün proqnozlaşdırılan indeksləşdirmə səviyyəsi cari illə müqayisədə 1,8 faiz bəndi aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin əvvəlində 441,3 manat olan orta aylıq pensiya 2025-ci ilin əvvəlində 496,6 manata, 2026-cı ilin əvvəlində 541,6 manata, oktyabrın 1-nə isə 595,8 manata çatıb. Beləliklə, 2024-cü ilin əvvəlindən etibarən orta aylıq pensiyanın məbləği 35 faiz artıb. 2027-ci ildə orta aylıq pensiyanın 639 manata, yaşa görə orta aylıq pensiyanın isə 680 manata çatması proqnozlaşdırılır.

Əgər proqnozlaşdırılan 7,5 faizlik indeksləşdirmə həyata keçirilərsə, 400 manat pensiya alan vətəndaşın ödənişi 430 manata, 500 manat alanın 537,5 manata, 600 manat alanın 645 manata, 800 manat alanın 860 manata, 1000 manat alanın isə 1075 manata yüksələcək.

Minimum əməkhaqqı və minimum pensiya necə dəyişib? Son illərdə minimum əməkhaqqının artırılması hər il deyil, əsasən sosial islahat paketləri çərçivəsində həyata keçirilib.

Minimum əməkhaqqı 2019-cu ilin əvvəlində 130 manat olduğu halda, hazırda 400 manat təşkil edir. Beləliklə, ötən müddət ərzində minimum əməkhaqqı üç dəfədən çox artıb. Sonuncu dəfə minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən 345 manatdan 400 manata, minimum pensiya isə fevralın 1-dən 280 manatdan 320 manata yüksəldilib.

Müvafiq olaraq artımlar təxminən 16 və 14,3 faiz təşkil edib. 2026-cı ildə hər iki göstərici dəyişməz qalıb. 2027-ci ildə minimum əməkhaqqı və minimum pensiya əvvəlki islahat paketindəki artımlara yaxın faizlərlə artırılarsa, minimum əməkhaqqı 460 manat ətrafında, minimum pensiya isə 365 manat ətrafında ola bilər. Lakin bunlar müqayisə əsasında aparılmış şərti hesablamalardır və rəsmi proqnoz deyil.

Əvvəlki sosial islahat paketi hansı sahələri əhatə edib?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2025-ci il üzrə hesabatına əsasən, beşinci sosial islahat paketi çərçivəsində aşağıdakı artımlar həyata keçirilib:

Minimum əməkhaqqı – 16 faiz;
Minimum pensiya – 14 faiz;
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşları – 10 faiz;
Əmək pensiyaları – 8,1 faiz;
Sosial müavinət və təqaüd ödənişləri – 12 faiz;
Tələbə təqaüdləri – 10 faiz.

Minimum əməkhaqqındakı artım 700 min nəfəri, o cümlədən özəl sektorda çalışan 330 min nəfəri əhatə edib. Ümumilikdə 2025-ci ildə həyata keçirilən sosial islahatlar 3 milyon vətəndaşı əhatə edib və bunun üçün illik əlavə 1,4 milyard manat vəsait ayrılıb. Növbəti sosial islahat paketi çərçivəsində də müxtəlif kateqoriyalardan olan işçilərin əməkhaqlarının artırılması mümkündür. Bununla belə, hazırda müəllimlərin, tibb işçilərinin, hərbçilərin, dövlət qulluqçularının və digər büdcə təşkilatlarında çalışanların maaşlarının konkret neçə faiz artırılacağı açıqlanmayıb.

Sosial müavinətlərdə hansı dəyişikliklər ola bilər?

Sonuncu genişmiqyaslı müavinət və təqaüd artımları 2025-ci ilin iyulunda həyata keçirilib. Hazırda ölkədə uşağın anadan olmasına görə birdəfəlik müavinət 600 manat, ailə başçısını itirməyə görə aylıq müavinət 140 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşağa görə aylıq müavinət 140 manat, övladlığa götürülən hər uşağa görə aylıq müavinət 240 manat təşkil edir.

2027-ci ildə sosial ödənişlər üzrə ən diqqətçəkən artımlardan birinin uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətdə baş verməsi gözlənilir. Dövlət büdcəsi layihəsi barədə açıqlanan məlumatlara əsasən, hazırda 600 manat təşkil edən müavinətin 1500 manata yüksəldilməsi nəzərdə tutulur. Bu isə müavinətin 900 manat və ya 150 faiz artaraq 2,5 dəfəyə çatması deməkdir.

2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişlərinin 8 milyard 950 milyon manata çatması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çoxdur. Gələn il pensiyaların maliyyələşdirilməsinə 8 milyard 669 milyon manat, sosial sığorta hesabına verilən müavinətlərə isə 280,6 milyon manat yönəldilməsi planlaşdırılır. Lakin ayrı-ayrı sosial müavinətlərin və Prezident təqaüdlərinin yeni məbləğləri hələ müəyyən edilməyib.

Yaşayış minimumu və sosial yardım nə qədər artacaq?

Son üç ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı aşağıdakı kimi dəyişib:

2024- 270 manat
2025- 285 manat
2026-300 manat
2027 (layihə)- 314 manat

2027-ci ildə ölkə üzrə yaşayış minimumunun 4,7 faiz artırılması nəzərdə tutulur. Əmək qabiliyyətli əhali üçün bu göstəricinin 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması təklif edilir. Ehtiyac meyarının 314 manata yüksəldilməsi ünvanlı dövlət sosial yardımı alan ailələrin ödənişlərinə də təsir göstərəcək. Məsələn, dörd nəfərdən ibarət ailə üçün ehtiyac meyarının ümumi həddi 1200 manatdan 1256 manata yüksələcək. Digər şərtlər və ailənin hesablanan gəlirləri dəyişməz qalarsa, həmin ailənin aylıq sosial yardımı 56 manat arta bilər.

2026-cı ili hansı sosial göstəricilərlə başa vururuq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabr ayında açıqladığı göstəricilərə əsasən, 2026-cı ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə:

Orta aylıq əməkhaqqı - 7,2% - 1173 manat
Orta aylıq pensiya - 10,4% - 596 manat
Yaşa görə orta aylıq pensiya - 10% - 634 manat
Müavinət, təqaüd və sosial yardım ödənişləri - 8,4% - 1,9 milyard manat

Ümumilikdə son səkkiz ildə Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən beş sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib. 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulan altıncı sosial islahat paketinin əhalinin gəlirlərinə hansı səviyyədə təsir göstərəcəyi isə artımların konkret məbləğindən, əhatə dairəsindən və inflyasiya göstəricilərindən asılı olacaq.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR