Əmək Məcəlləsinə dəyişiklik edildi
Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib.
Sfera.az xəbər verir ki, təklif olunan dəyişikliklər əməyin mühafizəsi qaydalarının əhatə dairəsinin genişləndirilməsini və Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 208-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına könüllü fəaliyyətin iştirakçısı olan şəxslərlə bağlı müddəanın əlavə edilməsi təklif olunur.
Eyni zamanda, həmin hissədə “təcrübəsi” sözündən sonra “(təlimi)” ifadəsi də yer alacaq. Digər dəyişiklik Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri ilə bağlıdır. Layihəyə əsasən, Fond istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların, müəssisələrin və vətəndaşların könüllü ödəmələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına formalaşdırılacaq.
Qeyd edək ki, qanun layihəsi 2025-ci il dekabrın 9-da qəbul edilmiş 297-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Bəsti Rəfizadə






