Logo

Kirayə gəlirləri azalır: "Mənzillər daha sürətlə bahalaşır"

Kirayə gəlirləri azalır: "Mənzillər daha sürətlə bahalaşır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda mənzil qiymətlərinin sürətlə artması kirayə bazarındakı qiymətlərə də təsir göstərir. Kirayə qiymətlərinin əvvəlki illərlə müqayisədə xeyli artması müşahidə edilir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, mənzillərin satış qiymətləri kirayə haqları ilə müqayisədə daha sürətlə artır. Bunun nəticəsində mənzillərin icarə haqlarından əldə olunan gəlirlər azalır.

Bəs mənzillərin satış qiymətlərinin kirayə haqlarından daha sürətlə artmasının əsas səbəbləri nələrdir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Sfera.az-a açıqlamasında bildirib ki, mənzillərin satış və kirayə qiymətləri fərqli iqtisadi amillər əsasında formalaşır:

“Satış qiymətlərinin sürətlə artmasının əsas səbəblərindən biri daşınmaz əmlakın təkcə yaşayış sahəsi deyil, həm də investisiya və kapitalın qorunması vasitəsi kimi istifadə olunmasıdır. Bu sahəyə böyük həcmdə investisiyalar yatırıldığı üçün mənzillərin qiyməti davamlı olaraq artır. Alternativ investisiya istiqamətləri məhdud olduğundan əsas üstünlük mənzillərə və daşınmaz əmlakın digər növlərinə verilir. İstər sahibkarların, istərsə də sadə vətəndaşların investisiya məqsədilə bu sahəyə üz tutması qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Xüsusilə son beş ildə müşahidə olunan qiymət artımı bununla bağlıdır.

Digər mühüm amil isə mövcud tələbatın tikinti həcmi ilə mütənasib olmamasıdır. Tələbatın ödənilməsi üçün tikinti həcminin artırılması vacibdir. Lakin hazırda bu istiqamətdə müəyyən məhdudiyyətlər mövcuddur. Bazarda təklifin məhdud olması da qiymət artımını sürətləndirir”.

Kirayə gəlirləri azalır: "Mənzillər daha sürətlə bahalaşır"

Ekspert qeyd edib ki, kirayə bazarında qiymətlər əhalinin real gəlirləri və ödəmə qabiliyyəti əsasında formalaşır:

“Vətəndaşın kirayə mənzilə aylıq 500-700 manat ödəmək imkanı varsa, ondan 1000 manat tələb etmək mümkün deyil. Kirayə bazarına əsasən regionlardan paytaxta işləməyə gələn şəxslər, universitetlərə qəbul olunan tələbələr, iş yerini dəyişərək Bakıya köçən vətəndaşlar müraciət edirlər. Onların maddi imkanları yüksək olmadığı üçün kirayə bazarında qiymətlər də satış bazarındakı qədər sürətlə artmır.

Hazırda Azərbaycanda mənzillərin satış qiymətləri ilə illik kirayə haqları arasında təxminən 20 əmsal fərq mövcuddur. Dünya daşınmaz əmlak bazarını təhlil etdikdə görürük ki, Qərbi Avropa və digər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu göstərici daha aşağıdır və təxminən 8-12 arasında dəyişir. İnkişaf etməkdə olan ölkələrdə isə əmsal əsasən 10-20 arasında olur. Azərbaycan hazırda inkişaf etməkdə olan ölkələr arasında bu göstəricinin ən yüksək olduğu ölkələrdən biridir. Gələcəkdə satış və kirayə qiymətləri arasındakı mövcud fərq azalacaq. Bir müddətdən sonra bu disbalans, yəni mövcud fərq aradan qalxacaq. Kirayə qiymətlərində sürətli artım müşahidə olunacaq”.

İqtisadçı satış bazarında qiymət artımına təsir edən digər amilin dövlət dəstəyi və maliyyələşdirmə mexanizmləri olduğunu vurğulayıb:

“Mənzil satışı sahəsində müxtəlif sosial və maliyyə mexanizmləri mövcuddur. Məsələn, MİDA, İpoteka və Kredit Zəmanət Fondu, satmaq öhdəliyi ilə kirayə mexanizmi və digər imkanlar var. Bundan əlavə, bankların daxili ipoteka və kredit proqramları da fəaliyyət göstərir. Vətəndaşlar bu mexanizmlərdən istifadə etməklə mənzil əldə edə bilirlər.

Lakin adi kirayə bazarında belə geniş maliyyə mexanizmləri mövcud deyil. Kirayədə yaşayan şəxs aylıq ödənişi öz şəxsi büdcəsi hesabına həyata keçirir. Buna görə də kirayə qiymətlərinin artımı əhalinin real gəlirləri və ödəmə qabiliyyəti ilə məhdudlaşır. Satış bazarında isə müxtəlif maliyyələşdirmə imkanlarının olması tələbi artırır və nəticədə mənzillərin satış qiymətləri daha yüksək sürətlə yüksəlir”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR