Neft və qazdan sonra elektrik enerjisi - Avropaya ixrac artacaq
Azərbaycanın enerji ixracı siyasətində neft və qazla yanaşı, elektrik enerjisinin də mühüm yer tutması istiqamətində yeni addımlar atılır. COP31 çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində strateji əməkdaşlıq sazişinin imzalanması bu baxımdan diqqət çəkir. Razılaşma çərçivəsində yaşıl enerji dəhlizinin yaradılması və elektrik enerjisinin Avropa bazarlarına çatdırılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi Azərbaycanın enerji ixracının şaxələndirilməsinə, Avropa ilə enerji əlaqələrinin genişlənməsinə və ölkənin regional enerji marşrutlarındakı rolunun dəyişməsinə şərait yarada bilər.
Bəs bu dəhlizin reallaşması Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlərə necə təsir göstərəcək? Azərbaycan gələcəkdə neft və qazla yanaşı, yaşıl elektrik enerjisinin də əsas ixracatçılarından birinə çevrilə bilərmi?
Bununla bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verərkən bildirib ki, dörd ölkə arasında imzalanan saziş Azərbaycanın qlobal enerji bazarındakı mövqeyinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, yaşıl enerji dəhlizinin yaradılması Azərbaycan üçün dünya enerji bazarına yeni istiqamətdən çıxış imkanı formalaşdırır:
“Bu layihə həm də Avropa ölkələrinin Azərbaycana enerji sahəsində marağını artıracaq. Dəhlizin reallaşdırılması Azərbaycanın xarici ölkələrə, xüsusilə Avropa bazarına enerji ixracının həcmini əhəmiyyətli dərəcədə artıra bilər.
Ən əsası, Azərbaycanın ixrac etdiyi enerji resurslarının sırasına neft və qazdan sonra yaşıl enerji, elektrik enerjisi kimi Qərb ölkələrinin maraq göstərdiyi yeni enerji növləri də əlavə olunacaq. Bu, Azərbaycanın enerji ixracı siyasətini genişləndirdiyini göstərir”.
E.Xalidbəyli vurğulayıb ki, belə bir layihənin həyata keçirilməsi ölkə üçün əlavə iqtisadi imkanlar yaradacaq, Azərbaycanın beynəlxalq enerji məkanındakı əhəmiyyətini artıracaq.
Onun fikrincə, yaşıl enerji dəhlizi Azərbaycanın ənənəvi enerji ixracatçısı rolundan daha geniş enerji təchizatçısı mövqeyinə keçidinə xidmət edə bilər:
“Yaşıl enerji dəhlizinin yaradılması dünyaya nümunə ola biləcək layihələrdən biridir. Bu layihəyə xüsusilə Avropa ölkələrinin maraq göstərməsi təsadüfi deyil. Çünki belə bir dəhlizin fəaliyyətə başlaması Azərbaycanın yalnız ənənəvi enerji resursları ilə deyil, alternativ və təmiz enerji mənbələri ilə də beynəlxalq bazarda təmsil olunmasına imkan verəcək. Nəticədə ölkəmizin qlobal enerji sistemindəki mövqeyi daha da möhkəmlənəcək”.
İradə Elsevər






