Qızıl ucuzlaşdı
Oktyabr ayında dünya bazarında qızılın qiyməti kəskin ucuzlaşaraq son illərin ən aşağı göstəricilərindən birinə düşüb.
Sfera.az bildirir ki, “Vedomosti” nəşrinin ticarət məlumatlarına istinadən yaydığı xəbərə görə, qiymətli metalın dəyərindəki geriləmə bazarda ciddi dəyişikliklərə səbəb olub.
Belə ki, “Comex” birjasında dekabr fyuçerslərinin qiyməti 6 faiz azalaraq bir troya unsiyası üçün 3 889,5 dollara enib. Oktyabrın 30-da isə qızılın qiyməti bir gün ərzində 3,5 faiz ucuzlaşıb və 2026-cı ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.
Qiymətlərin enməsinə ABŞ-də texnologiya şirkətlərinin səhmlərinin kəskin ucuzlaşması və Yaxın Şərqdəki münaqişənin nizamlanması istiqamətində yeni səylər barədə məlumatlar təsir göstərib. Bu amillər investorların ənənəvi qoruyucu aktiv hesab olunan qızıla tələbatını azaldıb.
Rusiya bazarında da qiymətli metal ucuzlaşıb. Qızılın bir qramının qiyməti 8,48 faiz azalaraq 10 149,5 rubla düşüb. Rubl ilə ifadə olunan fyuçerslərdə isə təxminən 9 faizlik geriləmə qeydə alınıb.
“BKS Mir İnvestisiy” şirkətinin fond bazarı üzrə eksperti Andrey Smirnov qiymətlərin enməsini ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilərlə əlaqələndirib. Onun sözlərinə görə, inflyasiyanın davamlı olması və enerji daşıyıcılarının bahalaşması da bu gözləntiləri gücləndirir.
Bundan əlavə, geosiyasi risklərə görə qızılın qiymətinə əlavə olunan mükafatın azalması, investorların qazancını reallaşdırmaq üçün satışlara başlaması və məcburi aktiv satışları da ucuzlaşmanı sürətləndirib.
Ekspertin fikrincə, texnologiya şirkətlərinin səhmlərinin dəyər itirməsi nəticəsində yaranan zərərləri qarşılamaq istəyən investorlar qızıl aktivlərini də satmağa başlayıblar. Bu isə bazarda satış təzyiqini daha da artırıb.
“JPMorgan Private Bank”ın Asiya üzrə faiz dərəcələri və valyuta bazarları strategiyası şöbəsinin rəhbəri Yuyxuan Tan da FED-in mümkün faiz artımının qızılın mövqelərinə mənfi təsir göstərə biləcəyini bildirib.
Analitikin sözlərinə görə, qızıl bank depozitlərindən fərqli olaraq faiz gəliri gətirmədiyi üçün faiz dərəcələrinin yüksəlməsi investorların külçə qızıla marağını azalda və qiymətlərin daha da enməsinə səbəb ola bilər.
Fatimə
Sfera.az






