Banklarda manat bolluğu: Faiz enişi qaçınılmaz idi
Azərbaycan banklarında manatla olan əmanətlərin faiz dərəcələri aşağı düşməkdə davam edir. Hazırda bankların böyük əksəriyyəti 18-24 aylıq müddətə yerləşdirilən və faizləri hər ay götürülən əmanətlərə görə illik maksimum 9 faiz təklif edir.
Sfera.az xatırladır ki, əmanət faizlərinin aşağı salınması prosesi 2025-ci ilin ikinci yarısından başlayıb, 2026-cı ildə isə daha da sürətlənib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci yarısında banklara 12 faizlə manat yerləşdirmək mümkün idi. Ötən dövr ərzində illik faiz dərəcələri 3 faiz bəndi və ya 25 faiz azalıb. Rəqəmlərlə ifadə etsək, əvvəllər banka 100 min manat yerləşdirən şəxs ildə 12 min manat qazanırdısa, hazırda bu gəlir ən çoxu 9 min manat təşkil edir.
Bankların bu addımı atmasının arxasında tamamilə obyektiv iqtisadi səbəblər dayanır. Banklarda həm manat əmanətlərinin payının artması, həm də uzunmüddətli depozitlərin çoxalması maliyyə qurumlarını borc yükünü azaltmaq üçün faizləri aşağı salmağa məcbur edib.
Statistik məlumatlar göstərir ki, 2026-cı il əmanət bumu ilə yadda qalacaq. Banklardakı əmanətlərin həcmi 2023-cü ildə 1,2 milyard manat, 2024-cü ildə 1,7 milyard manat, 2025-ci ildə isə 2,11 milyard manat artıb. 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən 9 ayda isə artım artıq 2 milyard manatı ötüb. Mövcud dinamika saxlanılarsa, ilin sonuna qədər əmanət portfelində 2,1-2,2 milyard manatlıq artım qeydə alınacaq.
Bu tendensiya onu göstərir ki, əgər banklar 2025-ci ildən etibarən qabaqlayıcı tədbirlər görüb faizləri azaltmasaydılar, 2026-cı ildə depozit axını daha nəhəng ölçülərə çatar və bankların borc yükünü dözülməz dərəcədə ağırlaşdırardı.
Banklar üçün əlavə maliyyə yükü yaradan digər amil əmanətlərin daxilində manatın payının davamlı olaraq böyüməsidir (de-dollarlaşma). Belə ki, 2024-cü ildə əmanətlərin 66 faizi manatla saxlanılırdısa, bu göstərici 2025-ci ildə 68 faizə, 2026-cı ilin oktyabrın 1-nə isə 71 faizə yüksəlib. Manat əmanətləri xarici valyutaya nisbətən daha yüksək faizlə qəbul edildiyi üçün, onların payının artması bankların öhdəliklərini sürətlə çoxaldırdı. Məhz bu artımın qarşısını almaq üçün banklar manatla olan depozit faizlərini aşağı salmaq məcburiyyətində qaldılar.
Üçüncü mühüm məqam isə uzunmüddətli əmanətlərin xüsusi çəkisinin artmasıdır. 2025-ci ilin əvvəlində banklardakı əmanətlərin 28 faizini uzunmüddətli depozitlər təşkil edirdisə, bu rəqəm 2026-cı ilin əvvəlində 31 faizə, cari ilin oktyabrın 1-nə isə 33,5 faizə çatıb.
Diqqətçəkən məqam budur ki, bu uzunmüddətli əmanətlərin böyük əksəriyyəti — 82 faizi məhz manatla yerləşdirilən vəsaitlərdir.
Əmanətlərin, xüsusən də yüksək faizli manat depozitlərinin belə sürətlə artması bankların üzərinə böyük öhdəliklər qoyur. Qaydaya görə, bankın öhdəlikləri artırsa, onun gəlir gətirən aktivləri də eyni tempdə böyüməlidir. Əks halda, banklar müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklərlə üzləşə bilərlər.
Aktivlərin artması isə birbaşa kreditləşmədən asılıdır, çünki bank aktivlərinin əsas nüvəsini məhz kreditlər təşkil edir. Lakin indiki şəraitdə bankların əlində kifayət qədər sərbəst vəsait olsa da, etibarlı və tələblərə cavab verən müştəri tapmaq çətinləşib. Nəticədə banklarda "atıl" vəsaitlər yığılır ki, bu da maliyyə sektoru üçün arzuolunan hal deyil.
Məhz bu səbəbdən banklar artıq yeni və böyük həcmdə əmanət cəlb etməkdə maraqlı deyillər. Faiz dərəcələrinin ardıcıl olaraq endirilməsi də bank sistemində yaranmış bu izafi pul bolluğunun ən bariz göstəricisidir.
Vasif
Sfera.az






