Bankların qazancı artır: Bundan iqtisadiyyat nə əldə edir?
Azərbaycanın bank sektorunda gəlirlilik artmaqda davam edir. 2026-cı ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, əksər bankların xalis mənfəətində ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəliş qeydə alınıb.
Bankların qazancının yüksəlməsi sektorun maliyyə dayanıqlığı baxımından müsbət göstərici sayılsa da, bu artımın müştərilərin maraqlarına nə dərəcədə xidmət etdiyi sual doğurur.
Bəs kredit faizlərinin yüksək qalması, əmanət gəlirliliyi ilə kredit faizləri arasındakı fərq və sahibkarların maliyyə resurslarına çıxış imkanları fonunda bankların daha çox qazanması vətəndaşlara hansı üstünlükləri yaradır?
Sfera.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov bank sektorunun inkişafını yalnız maliyyə qurumlarının aktivlərinin və xalis mənfəətinin artması ilə qiymətləndirməyin düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, bank sektorunda gəlirliliyin yüksəlməsi müsbət göstərici olsa da, inkişafın nəticələri vətəndaşların daha əlverişli kredit əldə etməsində, sahibkarların bizneslərini münasib şərtlərlə maliyyələşdirməsində və əmanətçilərin vəsaitlərindən rəqabətli gəlir götürməsində də özünü göstərməlidir:
“Son illərdə bank sektorunda müəyyən institusional və tənzimləyici addımlar atılıb, rəqəmsal ödəniş infrastrukturu genişləndirilib, riskəsaslı nəzarət və beynəlxalq standartlara keçid istiqamətində işlər görülüyb. Lakin kredit faizlərinin yüksək qalması, banklar arasında rəqabətin zəifliyi və biznes kreditlərinin əlçatanlığı ilə bağlı problemlər aktuallığını saxlayır”.
A.İbrahimovun fikrincə, bankların mənfəət artımının hansı mənbələr hesabına formalaşdığı da diqqətlə araşdırılmalıdır:
"Maliyyə qurumları yalnız faiz və komissiya gəlirlərini artırmağa deyil, əməliyyat xərclərini azaltmağa, xidmət keyfiyyətini yüksəltməyə və real sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməyə çalışmalıdır. Kredit resurslarının istehsal, kənd təsərrüfatı, emal sənayesi, ixrac və kiçik sahibkarlığa daha geniş yönəldilməsi uzunmüddətli iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Bank sektorunun uğuru təkcə maliyyə qurumlarının əldə etdiyi mənfəətlə deyil, bu gəlirliliyin iqtisadiyyata və müştərilərə yaratdığı imkanlarla da ölçülməlidir”.
İradə Elsevər






