Tütün idxalı artır: Qiymətlərə təsiri olacaq?
Azərbaycana tütün və tütünün sənaye əvəzedicilərinin idxalında ciddi artım müşahidə olunur. Yanvar-sentyabr aylarında 111,5 milyon dollarlıq idxal həyata keçirilib ki, bu da 17 faiz artım deməkdir.
Maraqlıdır, bu il tütün idxalının artması nə ilə bağlıdır? Daha çox idxal siqaret qiymətlərinə necə təsir edir?
İqtisadçı Günay Hüseynova Sfera.az-a açqlamasında bu ilin yanvar-sentyabr aylarında Azərbaycana tütün və tütünün sənaye əvəzedicilərinin idxalının 17 faiz artaraq 111,5 milyon dollara çatmasının siqaretlərin ucuzlaşacağına əsas vermədiyini bildirib.
Onun sözlərinə görə, idxalın artması bazarda xammal təminatını yaxşılaşdıra və istehsalçılar üçün müəyyən üstünlüklər yarada bilər. Ekspert dedi ki, bunun son satış qiymətlərinə təsiri bir sıra iqtisadi amillərdən asılıdır:
“İlk növbədə, idxalın hansı səbəbdən artdığı müəyyənləşdirilməlidir. Əgər artım gətirilən tütünün fiziki həcminin çoxalması ilə bağlıdırsa, bu, istehsalçılar üçün xammal əlçatanlığını artıra bilər. Ancaq idxalın dəyər ifadəsində yüksəlməsi daha çox məhsul gətirildiyini deyil, tütünün qiymətinin yüksəldiyini də göstərə bilər”.

G.Hüseynovanın sözlərinə görə, siqaretin qiymətini yalnız tütünün dəyəri müəyyən etmir:
“İstehsal, əməkhaqqı, enerji, qablaşdırma, logistika və distribusiya xərcləri, eləcə də vergi yükü son satış qiymətinin formalaşmasında mühüm rol oynayır. Bu xərclər artarsa, xammal təminatının yaxşılaşması hesabına əldə olunan qənaət siqaretlərin ucuzlaşmasına gətirib çıxarmaya bilər”.
İqtisadçı əlavə edib ki, idxal olunan tütünün maya dəyərinin azalması və bazarda rəqabətin güclənməsi qiymətlərin aşağı düşməsinə şərait yarada bilər:
"Lakin istehsalçıların xərclərinin azalması həmin qənaətin mütləq şəkildə istehlakçılara ötürüləcəyi demək deyil. İdxalın 16,8 faiz artması əsasında siqaret qiymətlərinin ucuzlaşacağını proqnozlaşdırmaq düzgün olmazdı. Bunun üçün idxalın fiziki həcmi, xammalın orta qiyməti, yerli istehsalın maya dəyəri və vergi siyasəti birlikdə qiymətləndirilməlidir”.
İradə Elsevər





