Pul köçürənlərə mühüm xəbər – Dəyişiklik ola bilər
Mərkəzi Bank ödəniş sistemləri üzrə xidmət haqlarının yuxarı həddini azaldıb.
Yeni tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək. Qurumdan bildirilib ki, dəyişikliklər banklarla Mərkəzi Bank arasındakı hesablaşmalara aiddir və vətəndaşların kartdan-karta köçürmələrinə birbaşa təsir göstərmir.
Bəs yeni tariflər gələcəkdə bankların müştərilərdən tutduğu komissiyalara təsir edə bilərmi? Vətəndaşlar köçürmələrə görə daha az ödəniş edə biləcəklərmi?
Mövzu ilə bağlı bank eksperti Emin Kərimov Sfera.az-a açıqlama verib. O bildirib ki, bu qaydalar Mərkəzi Bankın ödəniş sistemlərinin xidmətlərindən və əməliyyat sistemlərindən istifadə edən iştirakçılar üçün nəzərdə tutulub:

“Məqsəd əməliyyatların maliyyə dəyərinin müəyyənləşdirilməsidir. Burada əsas məsələ, məsələn, kartdan-karta pul köçürmələri, banklararası və ya ölkələrarası pul köçürmələri zamanı tutulan komissiyaların maksimum hədlərinin müəyyənləşdirilməsi və tariflərin tənzimlənməsidir. Başqa sözlə, söhbət vahid tarif siyasətinin həyata keçirilməsindən gedir. Məqsəd tariflərdə pərakəndəliyin və süni qiymət artımlarının qarşısını almaq, əməliyyatların icrası ilə bağlı maliyyə dəyərini müəyyənləşdirməkdir”.
Ekspert qərarın kartdan-karta əməliyyatlarına nə qədər təsir göstərəcəyini açıqlayıb:
“Bunu əvvəlcədən demək bir qədər çətindir. Çünki dəyişikliklər əməliyyatların həcmindən, məbləğindən və təyinatından asılı olacaq. Məsələn, eyni kartdan istifadə zamanı ilk əməliyyat ödənişsiz ola, ikinci əməliyyata 50 faiz, üçüncü əməliyyata isə tam komissiya tətbiq edilə bilər. Yəni müxtəlif tarif pillələri müəyyənləşdirilə bilər. Hazırda iri banklarda da bu cür komissiyalar mövcuddur. Lakin həmin banklar komissiyaları dövriyyə hesabına ödədikləri üçün müştərilər bunu hiss etmirlər. Bu, müştəri məmnuniyyətinin qorunması məqsədilə həyata keçirilir və nəticədə əməliyyatlar müştərilər üçün ödənişsiz olur. Ancaq müştəri seqmenti və portfeli kiçik olan banklarda müəyyən komissiyalar tətbiq edilə bilər. Bu zaman tariflər müəyyən edilmiş tarif cədvəlinə və yanaşmasına uyğun tənzimlənə bilər. Gələcəkdə komissiyaların tətbiq olunub-olunmayacağı əməliyyatların həcmi və mövcud əməliyyatlarla müqayisə əsasında müəyyənləşdirilə bilər.
Banklar da bazardakı vəziyyəti nəzərə alaraq komissiyaların tətbiqi ilə bağlı qərar verə bilərlər. İlkin olaraq, bu qərarın əsas məqsədi banklar və pul köçürmələrində iştirak edən digər subyektlər arasında tarifləri tənzimləməkdir. Məqsəd odur ki, əməliyyatları həyata keçirən iştirakçılardan biri yüksək, digəri isə aşağı tarif müəyyənləşdirməklə müştərilərdə çaşqınlıq yaratmasın və tariflər səbəbindən əməliyyatların əsassız şəkildə bahalaşmasının qarşısı alınsın.
Ümumilikdə, məsələn, siz mənə pul köçürəndə, yəni A kartından B kartına vəsait göndəriləndə, əməliyyat bir neçə saniyə ərzində icra olunsa da, bunun arxasında böyük bir əməliyyat zənciri dayanır. Həmin zəncirin hər bir halqasının öz dəyəri və komissiyası var. Yeni tariflərin müəyyənləşdirilməsi də bu komissiyaların tənzimlənməsinə və nəticə etibarilə əməliyyatların yekun dəyərinin müəyyən olunmasına yönəlmiş tənzimləyici addımdır”.
Bəsti Rəfizadə
Sfera.az





