Avropa Mərkəzi Bankı faiz artımını təxirə sala bilər
Avropa Mərkəzi Bankının (AMB) iqtisadi artım tempinin zəifləməsi fonunda yeni faiz artımından hələlik çəkinəcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” analitiklər arasında keçirdiyi sorğuya istinadən məlumat yayıb.
Məlumata görə, avrozonada iqtisadi artım üçüncü rübdə 0,2 faizə enib. Halbuki ikinci rübdə bu göstərici 0,6 faiz təşkil edib. Agentlik qeyd edir ki, İranda müharibənin başlamasından sonra Avropanın nümayiş etdirdiyi iqtisadi dayanıqlıq zəifləməyə başlayıb, biznes fəallığında geriləmə müşahidə olunur.
“Bloomberg Economics”in avrozona üzrə baş iqtisadçısı Simona Delle Kyaenin sözlərinə görə, inflyasiya yüksək olaraq qalır, maliyyə şərtləri sərtləşir və iqtisadi artımın zəifləməsi riskləri artır.
AMB sentyabrın 10-da hər üç əsas faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq müvafiq olaraq 2,5, 2,65 və 2,9 faizə çatdırıb. İnflyasiyanın ilin sonuna doğru 4 faizə yüksələ biləcəyi ehtimalı da nəzərə alınır.
Analitiklər hesab edirlər ki, qurum oktyabrın 29-da keçiriləcək iclasda ehtiyatlı mövqe tutacaq. Onların proqnozuna görə, depozit faizinin növbəti dəfə artırılması bu həftə deyil, dekabrda baş verə bilər.
Faiz qərarına təsir edən amillər arasında Fransanın büdcə problemləri və ölkədə keçirilən etirazların maliyyə bazarlarına təsiri də göstərilir. Bu vəziyyət Avropanın ikinci ən böyük iqtisadiyyatında qeyri-müəyyənliyi artırır.
Beləliklə, AMB-nin növbəti qərarında inflyasiya ilə mübarizə ilə yanaşı, iqtisadi artımın zəifləməsi risklərinə də daha çox diqqət yetirəcəyi gözlənilir.
Fatimə
Sfera.az





