İlin sonunadək qızıl bahalaşacaq? - Ekspertdən AÇIQLAMA

İlin sonunadək qızıl bahalaşacaq? - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Dünya bazarında qızılın qiymətinin ilin sonunadək 1 troya unsiyası üçün 4 800-4 900 dollara çata biləcəyi proqnozlaşdırılır. Hazırda qızılın dəyəri 4100-4200 dollar arasında dəyişir. Proqnozlara əsasən, ilin sonuna doğru qiymət yenidən yüksələcək.

Beynəlxalq bazarda baş verən dəyişikliklər Azərbaycanda da qızılın qiymətinə təsir göstərir. Hazırda yerli bazarda 585 əyar qızılın bir qramı təxminən 150-180 manat, 750 əyar qızılın bir qramı isə 190-220 manat arasında təklif olunur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, dünya bazarında qızılın qiymətinin 4 800-4 900 dollara yüksəlməsi Azərbaycanda da qızıl məmulatlarının bahalaşmasına səbəb ola bilər.

Onun fikrincə, beynəlxalq bazarda qiymətlərin artması yerli bazara da təsir göstərir.

İqtisadçının sözlərinə görə, dünya bazarındakı bahalaşmanın pərakəndə satış qiymətlərinə eyni faizlə ötürüləcəyinə isə zəmanət yoxdur:

“Məsələn, qızılın dünya bazarındakı qiyməti hazırkı təxminən 4 190 dollardan 4 800-4 900 dollara yüksələrsə, bu, təxminən 14,5-17 faiz artım deməkdir. Bu artımın yerli satış qiymətlərinə tam və eyni nisbətdə təsir etdiyi fərz edilərsə, 585 əyar qızılın bir qramı təxminən 172-210 manata, 750 əyar qızılın bir qramı isə 218-257 manata çata bilər”.

Bu rəqəmlərin rəsmi proqnoz olmadığını bildirən iqtisadçı qeyd edib ki, bunlar, beynəlxalq qiymət artımının yerli bazara tam ötürülməsi fərziyyəsinə əsaslanan hesablamalardır. O bildirdi ki, zərgərlik məmulatlarının qiymətinə işçilik haqqı, satıcının mənfəət marjası, dizayn və digər xərclər də təsir göstərir:

“İlin sonunadək qızıl bazarında yalnız bahalaşma ehtimalını nəzərə almaq düzgün olmaz. ABŞ-də faiz dərəcələrinin yüksəlməsi ehtimalı, dolların möhkəmlənməsi və investorların qızıla marağının azalması qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Əksinə, geosiyasi gərginliklərin artması, maliyyə bazarlarında qeyri-müəyyənlik və mərkəzi bankların qızıl ehtiyatlarını artırması qiymətlərin yüksəlməsini dəstəkləyə bilər”.

A.Nəsirli deyib ki, Azərbaycanda dolların manat qarşısında rəsmi məzənnəsinin sabit qalması beynəlxalq bazardakı qiymət dəyişikliklərinin yerli bazara təsirini müəyyən qədər proqnozlaşdırmağa imkan verir:

“Bununla belə, idxal xərcləri, satış marjaları və yerli tələb də qiymətlərin dəyişmə sürətinə təsir göstərir. Dünya bazarında qızılın qiyməti ilin sonunadək 4 800-4 900 dollara çatarsa, Azərbaycanda da qızıl məmulatlarının bahalaşması mümkündür. Ancaq qiymət artımının miqyası beynəlxalq bazardakı dəyişikliklərlə yanaşı, yerli ticarət şərtlərindən də asılı olacaq”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR