Qızıl ilin sonuna bahalaşacaq, yoxsa ucuzlaşacaq?-PROQNOZLAR

Qızıl ilin sonuna bahalaşacaq, yoxsa ucuzlaşacaq?-PROQNOZLAR
Kateqoriya məlum deyil
T

Qızıl 2026-cı ildə də dünya bazarında ən çox diqqət çəkən aktivlərdən biri olaraq qalır. Qiymətlər ilin əvvəlində rekord həddə yüksəlsə də, sonrakı aylarda ciddi dalğalanma müşahidə olunub.

Sfera.az xəbər verir ki, oktyabrın 6-da dünya bazarında qızılın bir unsiyasının qiyməti 4 150 dollar ətrafında olub. Reuters-in məlumatına görə, qiymət əvvəlki sessiya ilə müqayisədə 0,3 faiz yüksələrək 4 152 dollar təşkil edib. Bu göstərici qızılın ilin əvvəlində qeydə aldığı rekord səviyyədən xeyli aşağı olsa da, qiymət hələ də 4 000 dollar həddinin üzərindədir.

Bəs ilin sonuna qədər qızıl yenidən bahalaşa bilər, yoxsa hazırkı yüksək qiymətlərdən sonra ucuzlaşma başlayacaq? Qızıl niyə bahalaşa bilər?

Qızılın qiymətini dəstəkləyən əsas amillərdən biri mərkəzi bankların alışlarıdır. Dünya Qızıl Şurasının 2026-cı il sorğusuna əsasən, ehtiyat menecerlərinin 89 faizi növbəti 12 ay ərzində qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artacağını gözləyir. Sorğuda iştirak edənlərin 45 faizi isə öz qurumlarının qızıl alışını artıracağını bildirib. Mərkəzi banklar son illərdə qızıl alışını əhəmiyyətli dərəcədə artırıb. Dünya Qızıl Şurasına görə, son dörd ildə mərkəzi bankların illik qızıl alışları orta hesabla 1 000 ton təşkil edib. Bu göstərici əvvəlki onillikdəki təxminən 500 tonluq orta göstəricidən iki dəfə çoxdur. Geosiyasi risklər və qlobal borcların artması da qızıla tələbi dəstəkləyən amillər sırasındadır. Mərkəzi bank nümayəndələri də yüksək dövlət borcları və geosiyasi qeyri-müəyyənlik fonunda qızılın ehtiyat aktivi kimi əhəmiyyətini qoruduğunu bildirirlər.

Bəs qızılın ucuzlaşması mümkündürmü?

Digər tərəfdən, qızılın qiymətinə təzyiq yarada biləcək amillər də var. Əsas risklərdən biri ABŞ-də faiz dərəcələrinin yüksək qalmasıdır. Yüksək faiz və istiqraz gəlirləri faiz gəliri gətirməyən qızılın cəlbediciliyini azalda bilər. Güclü dollar da qızılın qiymətinə təzyiq yaradır. Hazırda bazarda məhz bu iki amil qızılın daha sürətli bahalaşmasının qarşısını alan əsas faktorlardandır. Reuters-in məlumatına görə, ABŞ istiqrazlarının yüksək gəlirliliyi və dolların möhkəmlənməsi qızıl üçün təzyiq yaratsa da, faiz artımı ilə bağlı gözləntilərin zəifləməsi qiymətə müəyyən dəstək verib.

Dünya Qızıl Şurası nə gözləyir?

Dünya Qızıl Şurasının iyul ayında açıqladığı 2026-cı ilin ikinci yarısı üzrə qiymətləndirməsində bazar üçün bir neçə ssenari təqdim olunub. Qurumun əsas ssenarisinə görə, mövcud makroiqtisadi şərait qorunarsa, qızılın qiyməti təxminən -5 faiz ilə +5 faiz arasında dəyişə bilər. İqtisadi artımın zəifləməsi, faizlərin aşağı düşməsi və geosiyasi risklərin artması halında isə qızılın 5-20 faiz bahalaşması mümkündür. Əksinə, iqtisadiyyatın gözləniləndən daha güclü olması, istiqraz gəlirlərinin yüksəlməsi və bazarlarda risklərin azalması qızılın 5-15 faiz ucuzlaşmasına səbəb ola bilər.

İlin sonuna hansı ssenari daha realdır?

Hazırkı vəziyyətə əsasən qızılın ilin sonuna qədər kəskin və davamlı ucuzlaşması üçün ABŞ dollarının əhəmiyyətli dərəcədə möhkəmlənməsi, faizlərin yüksək qalması və geosiyasi risklərin azalması kimi bir neçə amilin eyni vaxtda baş verməsi lazımdır. Digər tərəfdən, faizlərin aşağı salınması, qlobal iqtisadi artımın zəifləməsi və geosiyasi gərginliyin artması qızılı yenidən rekordlara yaxınlaşdıra bilər. Bu səbəbdən 2026-cı ilin sonuna qədər qızıl üçün əsas ssenari kəskin ucuzlaşmadan daha çox yüksək qiymətlər fonunda dalğalanma və mümkün bahalaşmadır.

Bununla belə, qızılın artıq yüksək səviyyədə olması qısamüddətli korreksiya riskini artırır. Başqa sözlə, ilin sonuna qədər qızılın qiymətində həm artım, həm də müəyyən geriçəkilmə mümkündür.

Lakin mərkəzi bankların davam edən tələbi və geosiyasi-iqtisadi risklər qiymətin aşağı düşməsinə qarşı əsas dayaq olaraq qalır. Azərbaycan üçün də bu proses əhəmiyyətlidir. Dünya bazarında qızıl bahalaşdıqca ölkədə zinət əşyalarının, külçə və sikkələrin qiymətləri də yüksələ bilər. Buna görə ilin son aylarında qızıl almağı planlaşdıranlar planlaşdıranlar üçün əsas məsələ yalnız qiymətin hansı istiqamətdə dəyişəcəyi deyil, alışın hansı qiymət səviyyəsində həyata keçirilməsidir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR