Bakıda ən bahalı 10 ev – Qiymətləri milyonlarla manatdır

Son illərdə Bakıda yaşayış evlərin qiymətinin sürətlə artması müşahidə edilir. Dörd-beş il əvvəl 100 min manata satılan evlər hazırda 150-180 min manata qədər bahalaşıb.
Bahalaşmada Bakının bir neçə yaşayış massivi və rayonu xüsusilə seçilir. Həmin bölgələr paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilərdir. Bakıda evlərin ən bahalı olduğu yerlərdə bəzi mənzillərin dəyəri milyonlarla manatla ölçülür.
Sfera.az xəbər verir ki, Bakının müxtəlif ərazilərində satışa çıxarılan bahalı fərdi yaşayış evləri arasında Badamdar, Nəsimi, Şüvəlan, Bilgəh və Nərimanovdakı mülklər xüsusilə diqqət çəkir.
Açıq elanlarda ən yüksək qiymətə təklif olunan villalardan biri Nəsimi rayonunda yerləşir. 36 sot torpaq sahəsində yerləşən villa 12 milyon manata satışa çıxarılıb. Tikilinin sahəsin 12 sot ərazidə yerləşən evin ümumi sahəsi 1400 kvadrat metrdir. Məlumata görə, mülk əvvəlki illərdə daha yüksək qiymətə də satışa çıxarılıb.

Eyni qiymətə daha bir villa Badamdarda satışa çıxarılıb. Bu villa 22 sot torpaq üzərində inşa olunub və 730 kvadrat metr sahəyə malikdir. Villanın qiyməti 12 milyon manatdır.

Qiyməti 10 milyon manata təklif edilən daha bir bahalı ev "Port Baku Residence"də yerləşir. Çoxmərtəbəli binada yerləşən ev 1050 kvadrat metrdir və 9 otaqdan ibarətdir.

Nəsimi rayonundakı “Crescent Residences” çoxmərtəbəli yaşayış binasındakı mənzillər də bahalıdır. Burada yerləşən mənzillərdən biri 8 milyon manata satışıa çıxarılıb. Mənzil 3 otaqdan və 375 kvadrat metrdən ibarətdir.

Nərimanov rayonunda yerləşən 4 mərtəbəli villa da diqqət çəkir. 950 kvadratmetr sahəsi olan ev üçün 5 milyon manat tələb olunur. Villada qapalı hovuz, sauna, lift və qarajın olduğu bildirilir.

8 Noyabr metrosunun yaxınlığında yerləşən 28 sotda inşa edilən 2 min kvadrat metrlik fərdi evdə ən bahalı yaşayış sahələrindən biridir. Onun qiyməti 8 milyon manatdır.

Nizami metrosunun yaxınlığında, "Deluxe Palace"də satışa çıxarılan 212 kvadrat metrlik təmirsiz mənzilin də dəyəri çox yüksəkdir. Onun satış qiyməti 7,8 milyon manatdır.

Bahalı villaların ən çox yerləşdiyi ərazilərdən biri də Şüvəlandır. Burada 50 sot torpaq sahəsində yerləşən, 2 000 kvadratmetr sahəsi olan bağ evi 4 milyon manata satışa çıxarılıb.

Şüvəlanda başqa bir böyük villa isə 3 milyon manat qiymətinə təklif olunur. 80 sot torpaq sahəsində yerləşən 1 000 kvadratmetrlik evin həyətində hovuz, qaraj və istirahət zonalarının olduğu bildirilir.

Ekspertlərin fikrincə, Bakıda lüks evlərin qiymətini yalnız tikilinin sahəsi müəyyənləşdirmir. Ərazinin prestiji, torpaq sahəsi, şəhərə və dənizə mənzərə, hovuz, sauna, qaraj, mühafizə sistemi və digər imkanlar qiymətə ciddi təsir göstərir.
İradə Elsevər






