Banklar əmanət faizlərini endirir - SƏBƏBLƏR

Banklar əmanət faizlərini endirir - SƏBƏBLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycanda artıq iki ildir ki, banklara manatla yerləşdirilən əmanətlərin faiz dərəcələrində azalma dinamikası davam edir. 2024-cü ildə bəzi banklar manatla depozitləri illik 12 faizlə qəbul etdiyi halda, hazırda maksimal faiz dərəcəsi 10 faiz səviyyəsində yekunlaşır. İndi böyük banklar əmanətləri 8–9,5 faizlə, orta və kiçik həcmli banklar isə 9–10 faiz dərəcəsi ilə qəbul edirlər.

Sfera.az bildirir ki, bankların əmanət faizlərini azaltmasını bir neçə əsas səbəblə əlaqələndirmək olar.

İlk səbəb banklarda likvidliyin yüksəlməsi, yəni pul bolluğunun yaranmasıdır. Bankların sərəncamında kifayət qədər böyük həcmdə sərbəst pul vəsaiti toplanıb. Əhali və biznes subyektləri öz vəsaitlərini aktiv şəkildə banklarda yerləşdirməyə davam edir. Bankların kənardan əlavə pul cəlb etməyə tələbatı azaldığı üçün onlar depozit faizlərini aşağı salmaqla yeni və bahalı əmanət axınını tənzimləyirlər.

Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin sonunda banklarda fiziki şəxslərin 14,66 milyard manat dəyərində əmanəti olub. Bu məbləğ 2025-ci ilin sonunda 16,77 milyard manata, 2026-cı ilin sentyabrın 1-nə olan göstəriciyə görə isə 18,2 milyard manata çatıb. Beləliklə, son 20 ayda banklarda əmanətlərin həcmi 3,54 milyard manat, yəni 24 faizdən çox artıb.

Banklarda vəsaitlərin bu tempdə çoxalması onların öhdəliklərinin də böyüməsinə səbəb olur. Məbləğ böyüdükdə və faizlər yüksək qaldıqda, banklar hər ay depozit dividendinə daha çox vəsait xərcləməli olurlar. 2024-cü ildə banklar depozit faizlərinə görə 905 milyon manat (ayda orta hesabla 75,4 milyon manat) xərcləmişdilər. 2025-ci ildə bu xərc 1,28 milyard manata (ayda 106,7 milyon manat) yüksəlib. 2026-cı ilin ilk 8 ayında isə faiz xərcləri 995 milyon manat təşkil edib ki, bu da ayda orta hesabla 124 milyon manat deməkdir.

Müqayisələr göstərir ki, son 20 ayda depozit faizlərinə aylıq xərclənən vəsait 66 faizdən çox artıb.

Buradan aydın görünür ki, bankların faizlər üzrə xərcləri depozitlərin artım tempini qabaqlayır. Məhz bu səbəbdən banklar əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini aşağı salırlar.

Əmanət faizlərinin enməsinə digər makroiqtisadi amillər də təsir göstərir. Bunlar arasında Mərkəzi Bankın uçot dərəcəsini endirməsi, alternativ və daha ucuz maliyyə mənbələrinin tapılması, həmçinin kredit faizlərini aşağı salmaq istəyi xüsusi yer tutur.

Mərkəzi Bankın inflyasiyanın sabitləşməsi fonunda uçot dərəcəsini və faiz dəhlizinin aşağı həddini pilləli şəkildə azaltması bütövlükdə bazara təsir edir. Mərkəzi Bank tərəfindən pul-kredit siyasətinin yumşaldılması kommersiya banklarının da öz faiz dərəcələrini (həm depozit, həm də kredit üzrə) aşağı meyilli formalaşdırmasına yol açır.

Digər tərəfdən, banklar üçün əhalinin müddətli əmanətləri yeganə resurs mənbəyi deyil. Son dövrlərdə banklar dövlət fondlarından, institutlardan və ya Maliyyə Nazirliyinin yenidən bərpa etdiyi depozit hərracları vasitəsilə daha ucuz və əlverişli şərtlərlə vəsait cəlb edə bilirlər. Belə bir şəraitdə vətəndaşlara illik 11–12% gibi yüksək faiz ödəmək banklar üçün iqtisadi cəhətdən səmərəli hesab olunmur.

Eyni zamanda, cəmiyyətdə və biznes mühitində kredit faizlərinin yüksək olması ilə bağlı ciddi narazılıqlar mövcuddur. Lakin bankların verdiyi kreditin faiz dərəcəsi birbaşa onun cəlb etdiyi resursun dəyərindən, yəni əmanət faizindən asılıdır. Bankların 11–12% dərəcəsi ilə depozit topladığı bir mühitdə ucuz kredit verməsi real deyil. İqtisadiyyatın, xüsusilə real sektorun daha əlçatan şərtlərlə kreditləşdirilməsi üçün banklar ilk növbədə öz resurs xərclərini, yəni depozit faizlərini azaltmağa çalışırlar.

Mövcud şərtlər qorunub saxlanarsa və inflyasiya yenidən yüksəlməzsə, yaxın gələcəkdə əmanət faizlərinin artacağını proqnozlaşdırmaq mümkün deyil. Böyük ehtimalla, banklar hələ bir müddət əmanətləri 8–10 faiz aralığında təklif etməklə qəbul edəcəklər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR