Azərbaycanda dizel bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda dizel bahalaşacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ-nin dizel yanacağının ixracını məhdudlaşdırması ilə bağlı ehtimal dünya enerji bazarında, xüsusilə Avropada qiymət artımı riskini gündəmə gətirib.

ABŞ-nin mühüm dizel ixracatçılarından biri olması səbəbindən belə bir addım Avropanın alternativ mənbələrə yönəlməsinə və bazarda təchizat uğrunda rəqabətin artmasına səbəb ola bilər.

Bəs ABŞ-nin mümkün qərarı Avropada dizel qiymətlərinə necə təsir edəcək? Bu proses Azərbaycanda yanacağın qiymətinə də təsir göstərə bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, ABŞ-nin dizel ixracını məhdudlaşdırması qlobal bazarda əlavə qiymət təzyiqi yarada bilər:


“Burada məsələ yalnız ABŞ-nin nə qədər dizel ixrac etməsi deyil. ABŞ dünyanın mühüm dizel ixracatçılarından biridir və onun bazardan çıxaracağı hər bir həcm digər təchizatçılara əlavə tələb formalaşdıracaq. Bu isə xüsusilə Avropa bazarında qiymət təzyiqini artıra bilər. Goldman Sachs-ın hesablamalarına görə, ABŞ dizel ixracına məhdudiyyət tətbiq edərsə, Avropada topdansatış dizel qiymətində artım yarana bilər. Bununla belə, Avropanın strateji ehtiyatlarından istifadə qiymət artımının bir hissəsini kompensasiya edə bilər”.


İqtisadçı qeyd edib ki, Avropa üçün əsas risk ABŞ-dən daxil olan dizel həcminin azalması və bunun alternativ mənbələrə əlavə tələbat yaratmasıdır. Belə vəziyyətdə Aralıq dənizi, Yaxın Şərq, Asiya və digər regionlardakı təchizatçılar uğrunda rəqabətin güclənməsi mümkündür. Bu isə ilk növbədə topdansatış qiymətlərinə təsir göstərə, daha sonra artımın pərakəndə bazara keçməsi ehtimalını yarada bilər.

A.İbrahimlinin sözlərinə görə, ABŞ-nin dizel ixracını məhdudlaşdırması Avropada qiymətlərin avtomatik olaraq rekord səviyyəyə yüksələcəyi anlamına gəlmir. Artımın miqyası məhdudiyyətin həcmi və müddətindən, Avropanın ehtiyatlarından, alternativ təchizat imkanlarından, neftin qiymətindən və qlobal emal güclərindən asılı olacaq.

“Azərbaycan bazarına gəldikdə isə Avropadakı vəziyyəti birbaşa ölkəmizə tətbiq etmək düzgün olmaz. Azərbaycanda yanacaq qiymətləri tam sərbəst bazar mexanizmi ilə formalaşmır. Dizel yanacağının qiyməti dövlət tərəfindən tənzimlənir. Buna görə də beynəlxalq bazarda qiymətin artması Azərbaycanda yanacaqdoldurma məntəqələrində qiymətin avtomatik olaraq eyni nisbətdə yüksəlməsi demək deyil.


Digər tərəfdən, Azərbaycanın neft hasil edən ölkə olması və daxili yanacaq təminatında yerli emal imkanlarının mövcudluğu da mühüm amildir. Buna görə qlobal dizel bahalaşmasının Azərbaycana ötürülməsi Avropa ölkələrində olduğu kimi birbaşa və eyni miqyasda olmaya bilər. Lakin dünya bazarında dizel və digər neft məhsullarının uzun müddət yüksək qiymətdə qalması yanacaq sektorunda maya dəyərinə, alternativ təchizat xərclərinə və daxili tarif siyasətinə müəyyən təzyiq yarada bilər”, – iqtisadçı vurğulayıb.


Ekspert bildirib ki, 2026-cı il mayın 1-dən 2027-ci il martın 31-dək Aİ-92 benzini və dizel yanacağının idxalına tətbiq olunan gömrük rüsumunun sıfır faizə endirilməsi də daxili bazarda yanacaq təminatının və qiymət sabitliyinin qorunmasına yönəlmiş mexanizmlərdən biridir.


Onun sözlərinə görə, əsas risk Azərbaycanın dizel qiymətinin qısa müddətdə avtomatik bahalaşması deyil, qlobal bazarda uzunmüddətli qiymət artımının formalaşmasıdır. ABŞ-nin mümkün ixrac məhdudiyyəti uzun müddət davam edər və digər böyük istehsalçıların emal imkanlarında da problemlər yaranarsa, dizel bazarında təklifin daralması daha ciddi qiymət təzyiqi yarada bilər.


“2024-cü ildə Azərbaycanda dizelin pərakəndə qiymətinin 1 manat/litr səviyyəsində müəyyən edilməsi də Tarif (qiymət) Şurasının qərarı ilə həyata keçirilib və qərarın əsaslandırılmasında yerli istehsal olunan AVRO-5 dizelinin maya dəyərinin yüksəlməsi göstərilib. Ona görə də ABŞ-nin mümkün qərarından çıxış edərək “Azərbaycanda dizel mütləq bahalaşacaq” demək üçün əsas yoxdur. Lakin qlobal dizel bazarında uzunmüddətli və ciddi bahalaşma yaranarsa, bu, Azərbaycanın da qarşısında xərc və tarif təzyiqi yarada bilər.


Azərbaycanın üstünlüyü isə ondan ibarətdir ki, ölkə yalnız istehlakçı mövqeyində deyil. Azərbaycanın neft resursları, emal infrastrukturu və daxili yanacaq bazarını tənzimləmək imkanları var. Buna görə xarici bazarda yaranan şokun daxili bazara hansı həcmdə ötürülməsi yalnız dünya qiymətindən deyil, həm də ölkənin daxili yanacaq təminatından və tarif siyasətindən asılı olacaq”, – Asif İbrahimli əlavə edib.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR