Beynəlxalq birjalar müharibə ehtimalına köklənib

ABŞ və İran arasında davam edən gərginlik və Hörmüz boğazının yenidən açılması üçün diplomatik həll yollarına ümidlərin zəifləməsi qlobal bazarlarda satış təzyiqini artırıb. Yüksək neft qiymətlərinin inflyasiyanı gücləndirəcəyi və Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini artırmağa sövq edə biləcəyi ilə bağlı narahatlıqlar səhmləri ucuzlaşdırıb.
Sfera.az xəbər verir ki, "Brent" markalı neft gün ərzində qazancının bir hissəsini geri qaytarsa da, qiyməti 105 dollar səviyyəsində qalıb.
Yüksək neft qiymətlərinin davam etməsi bazarlarda inflyasiya narahatlıqlarını artırır. Gözləntilərə görə, inflyasiya təzyiqini zəiflətmək üçün FED faiz dərəcələrini daha bir pillə yüksəldəcək. Bu ssenari isə ABŞ dövlət istiqrazlarının gəlirliliyini daha da artırır. Artıq ABŞ-nin 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb və bu durum FED-in oktyabr ayında faiz artımına gedəcəyi ilə bağlı gözləntiləri gücləndirir.
İstiqraz gəlirliliyinin artması xüsusilə texnologiya səhmlərinə ciddi təzyiq göstərib. Nəticədə S&P 500 indeksi ayın əvvəlindən bəri əldə etdiyi bütün qazancları geri itirib, texnologiya yönümlü Nasdaq 100 indeksi isə 1,1 faiz düşüb. Hazırda bazarlar ABŞ iqtisadiyyatının nə qədər güclü qaldığını göstərəcək makroiqtisadi məlumatlara fokuslanıb. Bu çərçivədə ABŞ-də əhalinin istehlak xərcləri və məşğulluq göstəricilərinə dair statistikalar investorlar tərəfindən diqqətlə izlənilir.
Vasif






