Azərbaycan üçün böyük fürsət: Bu layihə milyardlar gətirəcək

Azərbaycan üçün böyük fürsət: Bu layihə milyardlar gətirəcək
Kateqoriya məlum deyil
T

Dünya Bankının hesabatında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam potensialının reallaşdırılmasının Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsir göstərə biləcəyinə dair açıqlama verilib. Tranzit gəlirləri, liman və dəmir yolu sektorunda fəallığın artması, eləcə də Mərkəzi Asiya və Avropa ilə ticarətin genişlənməsi əsas iqtisadi təsirlər sırasında göstərilir.

İqtisadçı Natiq Cəfərov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan Orta Dəhlizlə bağlı qlobal müzakirələr genişlənməzdən əvvəl bu istiqamətdə fəaliyyətə başlayıb.

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına qoyulan investisiyalar Azərbaycanın bu potensialı əvvəlcədən gördüyünü göstərir:

“Azərbaycanda Orta Dəhlizin, Şimal-Cənub dəhlizinin, Şərq-Qərb dəhlizlərinin işə düşməsi əlavə iqtisadi fürsətlər yaradır. Söhbət təkcə tranzit gəlirlərindən getmir. Tranzit gəlirləri əslində o qədər də böyük olmur. Söhbət logistika mərkəzi olmaqdan gedir və bu, Azərbaycana kifayət qədər ciddi müsbət təsir göstərə biləcək amilə çevrilə bilər”.

N.Cəfərovun fikrincə, bu layihələrin tam fəaliyyətə başlaması Azərbaycan iqtisadiyyatında əlavə dividendlərin, gəlirlərin və yeni imkanların yaranmasına səbəb ola bilər:

“Dünya Bankının hesablamalarına əsasən, sözügedən layihələrin reallaşması gələcəkdə Azərbaycanın ümumi daxili məhsulunun 1,5 milyard dollar artmasına səbəb ola bilər. Layihələrin iqtisadi dividendlərinin daha ciddi şəkildə hiss olunması üçün müəyyən zaman tələb olunur”.

İqtisadçı deyib ki, artıq Azərbaycan tərəfindən bəzi işlər görülüb:

“Təqribən 2030-cu ildən etibarən bunun iqtisadi dividendlərini daha ciddi görə bilərik. Əgər hər şey nəzərdə tutulduğu kimi getsə, çox güman ki, 2040-cı ildə Azərbaycan həmin pik nöqtəyə çıxa bilər. Cəmi 14-15 ildən söhbət gedir. Bu, iqtisadi və tarixi nöqteyi-nəzərdən o qədər də böyük müddət deyil. Amma 2030-cu ilə qədər artıq bunun ciddi dividendlərini və gətirələrini görə bilərik”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR