ABŞ və Çin 60 milyard dollarlıq mallara tarifləri azaldır - Razılaşmanın DETALLARI

ABŞ və Çin 60 milyard dollarlıq mallara tarifləri azaldır - Razılaşmanın DETALLARI
Kateqoriya məlum deyil
T

ABŞ və Çin qarşılıqlı ticarətdə ümumi dəyəri 60 milyard dollar olan mallara tətbiq edilən tariflərin azaldılması barədə razılığa gəlib.


Sfera.az xəbər verir ki, razılaşma hər iki ölkənin 30 milyard dollar dəyərində qeyri-həssas məhsullar üçün daha əlverişli tarif rejimi tətbiq etməsini nəzərdə tutur. ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, bu addım ABŞ ixracatçıları üçün Çin bazarında daha geniş imkanlar yaradacaq və Çinə ixracın təxminən 30 faizini əhatə edəcək.


Çin ABŞ-dən idxal olunan qarğıdalı, buğda, ət, süd məhsulları, bitki yağları, balıq və dəniz məhsulları, taxta, kosmetika və tibbi avadanlıqlara tarifləri azaltmağı planlaşdırır. Soya isə güzəşt siyahısına daxil edilməyib.
ABŞ isə Çin istehsalı olan kiçik məişət texnikası, qab-qacaq, yataq dəstləri, oyuncaqlar, uşaq avtomobil oturacaqları və müxtəlif bayram dekorasiyalarına tətbiq olunan tarifləri azaldacaq. Siyahıda qəhvə dəmləyənlər və tosterlər kimi məhsullar da yer alıb.


Tərəflər həmçinin ABŞ və Çin arasında mövcud ticarət atəşkəsinin müddətini 2027-ci il yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər. Çinin Ticarət Nazirliyi bildirib ki, bu müddət iki ölkəyə iqtisadi və ticarət məsələləri üzrə danışıqları davam etdirmək üçün imkan yaradacaq.


Bundan başqa, Çin 2027 və 2028-ci illərdə ABŞ-dən hər il 10 milyon ton kömür idxal etməyi planlaşdırır. Tərəflər kənd təsərrüfatı üzrə işçi qrup da yaradacaq.


Razılaşmalar ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında ötən həftə Vaşinqtonda keçirilən görüşün əsas nəticələrindən biri olub.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR