Neft tezliklə ucuzlaşmayacaq – İqtisadçı

ABŞ Prezidenti Donald Trampın İranın atəşkəs təklifini rədd etməsindən sonra dünya bazarlarında neftin qiyməti 3 faizdən çox artaraq 107 dolları ötüb.
İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında danışıqların nəticəsiz qalması və Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi dünya neft bazarında təchizat risklərini artırır.
Onun sözlərinə görə, "Brent" markalı neftin qiymətinin yüksəlməsi bazarın gələcək neft təchizatı ilə bağlı narahatlığını əks etdirir:
“Bu baxımdan əsas məsələ yalnız İranın neft ixracı deyil, həm də Hörmüz boğazında yaranan vəziyyətdir. Qlobal neft tədarükünün əhəmiyyətli hissəsinin bu marşrutdan keçməsi regiondakı gərginliyin qiymətlərə sürətli təsir göstərməsinə səbəb olur”.
İqtisadçı qeyd edib ki, danışıqların uzanması və təchizat risklərinin artması şəraitində "Brent" markalı neftin qiymətinin 110-120 dollar diapazonuna yüksəlməsi real ssenarilərdən biridir:
“Hörmüz boğazında neft daşımalarına ciddi və davamlı məhdudiyyətlər yaranarsa, qiymətlərin 120 dolları keçməsi də mümkündür. Neftin 150 dollar və daha yüksək qiymətlərə çatması üçün regional münaqişənin enerji infrastrukturuna və fiziki neft təchizatına daha geniş təsiri olmalıdır”.
Azərbaycanın vəziyyətinə toxunan iqtisadçı deyib ki, ölkənin neft ixracı Hörmüz boğazından asılı deyil:
“Buna görə də Yaxın Şərqdə daşımaların məhdudlaşması Azərbaycanın neft ixrac marşrutuna birbaşa təsir göstərmir. Əksinə, dünya bazarında neftin bahalaşması Azərbaycan neftinin satış qiymətinin və ölkənin neft-qaz gəlirlərinin artmasına şərait yaradır. Neftin qiymətinin 100 dollardan 120 dollara yüksəlməsi Azərbaycana əlavə valyuta gəlirləri gətirə, Dövlət Neft Fondunun daxilolmalarını və büdcə gəlirlərini artıra bilər. Bu proses ölkənin tədiyə balansına və xarici valyuta mövqeyinə də müsbət təsir göstərə bilər”.

Bununla belə, iqtisadçı yüksək neft qiymətlərinə yalnız gəlirlərin artması baxımından yanaşmağın düzgün olmadığını söyləyib. Onun fikrincə, neft gəlirlərinin sürətlə artması daxili tələbi və dövlət xərclərini genişləndirə, eyni zamanda inflyasiya təzyiqlərini gücləndirə bilər:
“Azərbaycan üçün əsas məsələ neftin qiymətinin 120 dollara çatması deyil, bu səviyyədə nə qədər müddət qalmasıdır. Qiymətlərin bir neçə həftə yüksək olması əlavə gəlirlərlə nəticələnə bilər. Bahalaşma bir neçə rüb davam edərsə, bunun büdcə xərclərinə, inflyasiyaya, manatın məzənnəsinə, investisiya aktivliyinə və qeyri-neft sektorunun rəqabət qabiliyyətinə təsiri daha ciddi hiss oluna bilər”.
İqtisadçı hesab edir ki, Azərbaycanda yüksək neft qiymətlərindən əldə edilən əlavə gəlirlər cari xərclərin artırılmasına deyil, iqtisadiyyatın şaxələndirilməsinə, infrastrukturun və insan kapitalının inkişafına, eləcə də qeyri-neft sektorunun məhsuldarlığının yüksəldilməsinə yönəldilməlidir:
“Hazırki qiymət artımı Azərbaycan üçün iqtisadi imkan yaradır. Əsas məsələ isə bu imkanı qısamüddətli gəlirə deyil, uzunmüddətli iqtisadi üstünlüyə çevirməkdir”.
İradə Elsevər






