ABŞ-İran danışıqları keçirilib: Neft ucuzlaşacaq?

ABŞ və İran nümayəndələri arasında BMT çərçivəsində keçirilən danışıqların “çox məhsuldar” olduğu barədə Donald Trampın açıqlamasından sonra dünya bazarında neftin qiyməti enib. Bununla yanaşı, Səudiyyə Ərəbistanının neft ixracı üçün alternativ marşrutlardan birini yenidən işə salması da qiymətlərə təsir edib.
İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında danışıqlarda irəliləyiş əldə olunması neftin dünya qiymətinin daha da aşağı düşməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, bu baxımdan əsas məsələ Hörmüz boğazının açılması və tankerlərin oradan təhlükəsiz keçidinin təmin olunmasıdır:
“Bu baş verəcəksə, qiymətlər düşə bilər, qiymətlər sürətlə düşə bilər”.

X.Kərimli dünya bazarında neftin ucuzlaşmasının Azərbaycanda benzin və dizelin qiymətinə qısamüddətli dövrdə təsir göstərməyəcəyini bildirib:
“Azərbaycanda daxili enerji qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və qiymətlər müəyyənləşdirilərkən yalnız dünya neftinin qiyməti nəzərə alınmır. Qalxanda artırmadılar ki, enəndə də endirsinlər. Neftin qiyməti son bir neçə ayda iki dəfə bahalaşıb, 50-60 dollardan 100-110 dollara qədər yüksəlib. Bu dövrdə qiyməti hökumət artırmadı ki, indi deyim ki, düşüb azaldılsın”.
O əlavə edib ki, daxili enerji qiymətlərinin qısamüddətli dövrdə dünya bazarındakı neft qiymətləri ilə birbaşa əlaqəsi yoxdur:
“Tariflər müəyyən edilərkən sosial məsələlər, inflyasiya səviyyəsi və büdcənin vəziyyəti kimi amillər kompleks şəkildə qiymətləndirilir. Dünya neft qiymətlərinin dəyişməsi əsasən Azərbaycanın Neft Fondunun gəlirlərinə təsir edir. Qiymətlərin yüksəlməsi Fondun gəlirlərini artırır, ucuzlaşması isə azaldır və bu, gələcəkdə dövlət büdcəsinin xərclərinə təsir göstərə bilər”.
İradə Elsevər






