İqtisadiyyat böyüyür – Əlavə vəsait haradan gələcək?

İqtisadiyyat böyüyür – Əlavə vəsait haradan gələcək?
Kateqoriya məlum deyil
T

2027-ci ilin ilkin büdcə göstəricilərində vergi daxilolmaları ilə bağlı rəqəmlər diqqət çəkib.

Sfera.az xəbər verir ki, iqtisadçı Eyyub Kərimli 2027-ci il üzrə vergi daxilolmalarının proqnozunu şərh edib.

Onun sözlərinə görə, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 18,43 milyard manat daxilolma proqnozlaşdırılır:

“Bu rəqəm 2026-cı ilin təsdiqlənmiş göstəricisindən təxminən 9 faiz çoxdur. Proqnozlaşdırılan vəsaitin 14,85 milyard manatının, yəni 80,6 faizinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM-in artımı 1,2 faiz, qeyri-neft-qaz sektorunda artım isə 2,1 faiz olduğu halda, vergi daxilolmalarının 9 faiz artırılmasının hansı mənbələr hesabına təmin ediləcəyi sual doğurur. Əlavə vergi gəlirlərinin əsas mənbəyi mövcud vergi ödəyicilərinin üzərinə əlavə yük qoyulması olmamalıdır. Əsas ehtiyat kölgə iqtisadiyyatının daraldılması, qeyri-rəsmi məşğulluğun azaldılması, dövriyyələrin şəffaflaşdırılması və vergi bazasının genişləndirilməsidir”.

E.Kərimli həmçinin vurğulayıb ki, ÜDM-in 1,2 faizlik artımı real, vergi daxilolmalarının 9 faizlik artımı isə nominal göstəricidir:

“İnflyasiya və qiymət artımları da vergi daxilolmalarının nominal həcminin yüksəlməsinə təsir göstərə bilər. Buna görə də vergi gəlirlərindəki 9 faizlik artımı bütövlükdə iqtisadi fəallığın yüksəlməsi ilə əlaqələndirmək düzgün olmaz. Əsas məqsəd daha çox vergi toplamaq deyil, daha geniş və ədalətli vergi bazası yaratmaq olmalıdır. Şəffaf fəaliyyət göstərən biznesin vergi yükünü artırmadan vergidən yayınan iqtisadi fəaliyyətin leqallaşdırılması həm büdcə gəlirlərinin artmasına, həm də sahibkarlar arasında daha bərabər rəqabət mühitinin formalaşmasına imkan verə bilər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR