İctimai iaşədə rekord artım: Beş ildə bazar 2,2 dəfə necə böyüdü?

Azərbaycanda ictimai iaşə xidmətlərində son illərdə müşahidə edilən kəskin artım 2026-cı ildə də davam edir.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarını əhatə edən ilk 8 ayda ictimai iaşə xidmətlərinin həcmi real müqayisədə, yəni inflyasiya nəzərə alınmadan, 8 faiz artaraq 2 milyard manatı ötüb.
Yalnız avqustda ictimai iaşə xərcləri 312 milyon manat olub ki, bu da əvvəlki ilin eyni ayına nisbətən 13,4 faiz real artım deməkdir.
İctimai iaşə xidmətinin həcmindəki real artım son 5 ildə yüksək tempini qoruyub. Bunun sayəsində beş il əvvəl ilk 8 ayda 932 milyon manat olan dövriyyə bu il 2 milyard manatı ötüb. Son 5 ildə ictimai iaşə xidmətlərinin bazar dəyəri 1,07 milyard manat və ya 2,2 dəfə artıb.
İllər üzrə diqqət yetirdikdə görürük ki, ilk 8 ay üzrə real artım 2022-ci ildə 46,5 faiz, 2023-cü ildə 21,9 faiz, 2024-cü ildə 8,6 faiz, 2025-ci ildə 14 faiz olub.
Bəs ictimai iaşə xidmətlərinin bu dərəcədə sürətlə artmasının səbəbləri nədir?
Təhlillər göstərir ki, bu kəskin iqtisadi sıçrayışın arxasında bir neçə fundamental sosial, iqtisadi və struktur faktoru dayanır. Yəni, yalnız bir səbəb belə artımı dəstəkləyə bilməz.
Əsas səbəblər arasında ilk növbədə sektor üzrə "kölgə iqtisadiyyatı"nın kiçilməsini göstərmək olar. Buradakı şəffaflaşma dövriyyənin artmasının ən böyük səbəblərindən biri hesab oluna bilər. Şəffaflaşma nəticəsində əvvəllər gizli qalan, ödənişləri rəsmi qeydə almayan dövriyyənin rəsmiləşməsi müşahidə edilir.
Yeni vergi təşviqləri də dövriyyəni artıran səbəblərdən biridir. 2026-cı ildən etibarən tətbiq edilən yeni qaydalara əsasən, ictimai iaşə sektorunda nəzarət-kassa aparatına inteqrasiya olunmuş POS-terminallarla edilən nağdsız ödənişlərə 6%-lik güzəştli sadələşdirilmiş vergi dərəcəsi tətbiq edilir. Nağd dövriyyə isə 8%-lə vergiyə cəlb olunur. Yəni, nağd ödənişlərdən daha çox vergi alınır. Bu addım sahibkarları dövriyyəni gizlətməkdən çəkindirib.
Restoran və kafelərdə nağdsız ödənişlər zamanı ƏDV-nin bir hissəsinin müştərilərə qaytarılması, istehlakçıların çek tələb etmə marağını artırıb. Bu da dövriyyənin rəsmi statistikaya tam düşməsini təmin edib.
Azərbaycana, xüsusilə Bakı şəhərinə gələn xarici turistlərin sayında son illərdə sürətli artım müşahidə olunur. Ölkədə keçirilən irimiqyaslı beynəlxalq idman, mədəniyyət və qlobal konfranslar (məsələn, COP29 və s.) paytaxtdakı restoran, kafe və iaşə şəbəkələrinin müştəri axınını və doluluq səviyyəsini dəfələrlə artırıb.
İaşə xidmətlərinin həcmini artıran səbəblər arasında istehlak vərdişlərinin dəyişməsi də var. Müasir həyat ritmi insanların məişət vərdişlərinə birbaşa təsir edir. Bakı kimi böyük şəhərlərdə iş saatlarının sıxlığı, qadınların əmək bazarına daha aktiv cəlb olunması evdə yemək bişirilməsinə ayrılan vaxtı azaldıb. Bu, onlayn çatdırılma platformaları olan "Wolt", "Bolt Food" kimi onlayn qida çatdırılması xidmətlərinin rəqəmsal ekosistemə tam inteqrasiyası restoranların fiziki tutumundan asılı olmayaraq satış həcmini (katerinq və uzaqdan satışı) kəskin artırıb. Bu, xüsusilə gənc istehlakçılar arasında bazarın genişlənməsinə kömək edir.
Şəhər həyat tərzinin dəyişməsi də iaşə xidmətlərinə təsir edir. Bakı kimi iri şəhərlərdə evdən kənarda yemək, qəhvə və hazır qida istehlakı daha geniş yayılıb. Bu, həm ailələrin, həm də işləyən əhalinin vaxt qənaətinə üstünlük verməsi ilə əlaqələndirilə bilər.
İaşə xidmətlərinin artmasına təbii ki, əhalinin gəlirinin artması da təsir edir. Müqayisə göstərir ki, əhalinin son 5 ildə adamnaşına düşən gəlirləri təxminən 54 faiz artıb. 2021-ci ildə illik adambaşına düşən gəlir 5700 manat olduğu halda 2025-ci ilin sonunda 8776 manat olub.
Gəlirlərdəki artım dinamikası xərclərin, o cümlədən iaşə xidməti xərclərinin artımını sürətləndirir.
Ümumi vəziyyət onu göstərir ki, Azərbaycanda iaşə dövriyyəsində böyük artım sürəti hələ bir müddət də davam edəcək. Bu artıma turizmin vəziyyəti də ciddi təsir göstərəcək.
Vasif






