Qadın məşğulluğunda rekordlar: Son 3 ildə kəskin artımın səbəbləri

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı bir il ərzində 10,7 min nəfər artıb. Eyni zamanda, işsizlər arasında qadınların payı da 50,1 faizdən 53,1 faizə yüksəlib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sfera.az-a işsizlərin sayındakı artımla bağlı açıqlama verib.
Onun sözlərinə görə, işsizlərin statistikasında iş yerlərini dəyişmək istəyən şəxslərlə əlaqədar qısamüddətli və işsizlik səviyyəsinə ciddi təsir göstərməyən kiçik artımlar müşahidə oluna bilər:
“Belə hallar müvəqqəti xarakter daşıyır və həyata keçirilən aktiv məşğulluq proqramları nəticəsində qısa müddətdə aradan qalxır. Aktiv məşğulluq proqramlarına cəlb olunan şəxslərin sayı da ilbəil artır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin işlə təmin etdiyi şəxslərin sayı 2018-ci ilə nisbətən 2025-ci ildə 3,6 dəfə, yəni 137,2 min nəfər artaraq 51,8 mindən 189 min nəfərə çatıb”.

Rəsminin fikrincə, 2025-ci ildə Agentliyin işlə təmin etdiyi şəxslərin sayı əvvəlki illə müqayisədə 29 min nəfər çox olub:
“2026-cı ilin 8 ayında da Agentlik daha 119 min şəxsin məşğulluğunu təmin edib. Qadınların məşğulluğunun təminatı göstəricilərində də ildən-ilə artım müşahidə olunur. Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ildə 2023-cü illə müqayisədə 24 min nəfər, 2024-cü illə müqayisədə isə 15 min nəfər çox olmaqla, 70 minə yaxın qadının məşğulluğu təmin edilib”.
F.Talıbov əlavə edib ki, 2026-cı ilin 8 ayında Agentliyin münasib işlə təmin etdiyi qadınların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfərədək artaraq 41 min nəfərə çatıb.
İradə Elsevər






